"2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı" təsdiq edilib

30 Noyabr 2010 04:14 (UTC+04:00)

Azərbaycan Respublikasının Nazirlər Kabineti "2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı"nı təsdiq edib. SİA-nın xəbərinə görə, "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarında qeyd olunub ki,

1. "2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları Tədbirlər Proqramının həyata keçirilməsini təmin etsinlər.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Son illər şəkərli diabetin profilaktikası və bu xəstəlikdən əziyyət çəkən insanların müalicəsi istiqamətində mühüm tədbirlər görülüb. "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 7 iyun 101 nömrəli qərarı ilə 2006-2010-cu illəri əhatə edən "Şəkərli diabet üzrə Dövlət Proqramı" qəbul edilib.

Həmin Dövlət Proqramı qəbul edildikdən sonrakı dövr ərzində şəkərli diabet xəstələrinin dərmanla təmin olunması xeyli yaxşılaşmış və onların şəkərsalıcı dərman preparatları ilə təminatında mövcud olan gərginlik əsasən aradan götürülmüşdür. Xəstələrin əksəriyyəti özünənəzarət vasitələri - qlükometrlərlə təmin edilmişdir. Müalicə-diaqnostika işinin yaxşılaşdırılması şəkərli diabet xəstələrinin aşkarlanması üçün şərait yaratmış və qeydiyyata götürülən xəstələrin sayı təxminən 2 dəfə artıb.

Eyni zamanda, şəkərli diabet xəstələrinin dəqiq qeydiyyatının aparılmasını, onların sağlamlıq vəziyyətinin dinamik müşahidəsini, dərmanla təminatına nəzarəti həyata keçirmək məqsədi ilə vahid registr forması hazırlanaraq təsdiq edilib. Lakin bütün dünyada olduğu kimi Azərbaycanda da şəkərli diabetə düçar olan şəxslərin sayı durmadan artır və bu tendensiya davam edir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə şəkərli diabetin profilaktikasına ayrılan maddi vəsait onun gələcəkdə fəsadlarının aradan qaldırılmasına qoyulan xərclərdən dəfələrlə azdır.

Qeyd olunanları nəzərə alaraq, 2011-2015-ci illəri əhatə edən bu Dövlət Proqramında profilaktik tədbirlərə xüsusi yer verilmiş, əsas diqqət xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə və xəstəlik nəticəsində meydana çıxan fəsadların qarşısının alınmasına yönəlib.