Parlamentin yeni sədri, sədr müavinləri və komitə sədrləri məlum oldu

30 Noyabr 2010 00:01 (UTC+04:00)
Bu gün dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib və prezident İlham Əliyev də bu iclasda iştirak edib. SİA-nın xəbərinə görə, iclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açıb. Parlamentin daxili nizamnaməsinə əsasən yeni çağırış Milli Məclisin ilk iclasını aparan ən qocaman deputat Fəttah Heydərov iclası açıq elan edib.

Dövlət himni səsləndikdən sonra Milli Məclisin daxili nizamnaməsinə əsasən seçilən deputatların siyahısı oxunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda nitq söyləyib və ölkədə son illər aparılan iqtisadi və siyasi islahatlardan danışıb.

Daha sonra Hesablayıcı Komissiyanın tərkibi müəyyən edilib və millət vəkili Mübariz Qurbanlı komissiyanın sədri seçilib. Sonra Oqtay Əsədov dördüncü çağırış Milli Məclisin sədri seçilib. Millət vəkili Ziyafət Əsgərov sədrin birinci müavini, Bahar Muradova və Valeh Ələsgərov isə müavinləri təyin ediliblər.

Milli Məclisin komitələrinə də sədrlər seçilib və bu zaman komitə sədri vəzifələrində dəyişiklik olmayıb. Deputat Əli Hüseynov Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Ziyafət Əsgərov təhlükəsizlik və müdafiə komitəsinin, Ziyad Səmədzadə iqtisadi siyasət komitəsinin, Valeh Ələsgərov təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Eldar İbrahimov aqrar siyasət komitəsinin, Hadi Rəcəbli sosial siyasət komitəsinin, Arif Rəhimzadə regional məsələlər komitəsinin, Şəmsəddin Hacıyev elm və təhsil komitəsinin, Nizami Cəfərov mədəniyyət komitəsinin, Rəbiyyət Aslanova insan hüquqları komitəsinin, Səməd Seyidov beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədrləri təsdiq ediliblər.