Azərbaycan ilə Fransa arasında Konstitusiya ədalət mühakiməsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

29 Noyabr 2010 20:44 (UTC+04:00)

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin binasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəvəti ilə Bakıda rəsmi səfərdə olan Paris Yuxarı İnstansiya Məhkəməsinin prokuror müavini xanım Fransauz Gilyon ilə görüşüb. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə 2010-cu il iyunun 22-də qəbul edilmiş və Azərbaycan Prezidentinin 2010-cu il 1 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun əsas prinsipləri və implementasiyası haqqında fikir mübadiləsi aparılıb.

 

F.Abdullayev Konstitusiya Məhkəməsinin qəbul etdiyi bir sıra qərarlarda Azərbaycan Respublikasının Konstitusiyasından, qanunvericiliyindən və tərəfdar çıxdığı beynəlxalq sənədlərdən irəli gələn gender bərabərliyi prinsipini daim tətbiq etməsi ilə bağlı qonaqlara məlumat verib.

 

Xanım Fransauz Gilyon bu sahədə Fransa təcrübəsindən danışıb. Görüşdə, həmçinin konstitusiya ədalət mühakiməsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.