Müxtəlif internet forumlarında Azərbaycanın populyar şanson musiqi qrupu olan "Tin uşaqları"nın fəaliyyətlərini dayandırdıqları haqda xəbərlər dolaşır. Təşkil olunan məclislərin birində iki solistdən ibarət olan qrupun bir üzvü Sədrəddin Cəfərovu səhnədə tək görəndə şübhələrimiz artdı. Çıxışını bitirib məkanı tərk edəndə yaxınlaşıb bu haqda sual ünvanlamaq istəyirdik ki, Sədrəddin bizi qabaqlayaraq özü SİA-ya açıqlama verdi: "Bəli, yayılan informasiyalardan mən də xəbərdaram. Yaxın dostum, eləcə də mənimlə bərabər qrupumuzun yaranmasında xüsusi zəhməti olmuş Oleq Naumovla yollarımızı ayırmağımız haqda məlumatlar ağ yalandır. Sadəcə bir neçə gün idi ki, Oleq şəxsi işləri ilə əlaqədar Azərbaycanda yox idi. Amma əvvəldən danışılmış məclislərdə iştirakımız vacib idi. Ona görə də məcburiyyət qarşısında özüm bir necə tədbirdə, toylarda tək səhnəyə çıxdım. Və göründüyü kimi bu da söz-söhbətlərin ayaq tutmasına səbəb oldu. Yaratdığınız imkandan yararlanıb demək istəyirəm ki, "Tin uşaqları"nı sevən pərəstişkarlarımız şayiələrə inanmasınlar. Nə qədər ki, bu sənətdəyik, Allahın köməkliyi ilə Oleqlə bir yerdə yaradıcılığımızı davam etdirəcəyik".