Elnur Amanov: “Sabitliyi pozmaq istəyənlər niyyətlərinə çata bilməyəcəklər” - EKSKLÜZİV

12 İyul 2018 14:47 (UTC+04:00)

“Mən Azərbaycan dövlətini və xalqını sevən bir insan olaraq Gəncədə baş verən hadisələri qınayıram. Orada baş verən hadisələr Azərbaycana qarşı törədilən təxribatdır. Azərbaycan güclü dövlətdir. Ölkəmizdə sabitliyi pozmaq istəyənlər niyyətlərinə çata bilməyəcəklər”. Bunu SİA-ya açıqlamasında Azərbaycanın taekvondo üzrə qadınlardan ibarət yığma komandasının baş məşqçisi Elnur Amanov deyib.

O, Gəncədə polis zabitlərinin qətlə yetirilməsinin böyük cinayət hadisəsi olduğunu, bunu törədənlərin tezliklə cəzalandırılacağına əminliyini ifadə edib: “Vəzifə borcunu yerinə yetirərkən öldürülən polislərimizə Allah rəhmət eləsin. Onların yaxınlarına səbir diləyirəm. Bu hadisələr Azərbaycanın inkişafını istəməyən qüvvələr tərəfindən törədilib. Xalqımız hər zaman olduğu kimi, öz Prezidentinin ətrafında birləşərək dövlətçiliyimizi təhlükə altına qoymağa cəhd göstərənlərə qarşı mübarizəni davam etdirəcək”.