Dünya Azərbaycanlı Gənclərin I Konqresi çərçivəsində “Virtual həftə sonu məktəbi” təqdim olunub
29 Noyabr 2010 03:52 (UTC+04:00)
Almaniyanın Frankfurt şəhərində keçirilən "The Westin Grand" otelində Dünya Azərbaycanlı Gənclərin I Konqresi işini davam etdirib. Diasporl İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, tədbirin ikinci günü "Virtual həftə sonu məktəbi"nin təqdimatı ilə başlayıb. Toplantını Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açıb və layihə barədə məlumat verib. Layihənin təqdimatını Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev edib. O bildirib ki, bütün dünya azərbaycanlılarını bir araya toplamaq üçün informasiya texnologiyalarından istifadə etmək ən müasir, səmərəli və zəruri vasitədir. O, Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə yaradılan informasiya cəmiyyəti haqqında geniş məlumat verib.
"Virtual həftə sonu məktəbi" barədə danışan Rasim Əliquliyev deyib ki, layihənin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara və gənclərə müasir informasiya texnologiyaları vasitəsilə ana dili, Azərbaycan tarixi, mədəniyyəti və coğrafiyasının tədris edilməsi, soydaşlarımızın milli ruhda tərbiyə olunmasına xidmət etməkdir. "Virtual həftə sonu məktəbi" xarici ölkələrdə yaşayan və Azərbaycan haqqında yetərli bilgisi olmayan hər bir azərbaycanlı gəncə virtual məkanın imkanlarından istifadə edərək ana dilini öyrənmək, doğma Vətənin tarixini, coğrafiyasını, ədəbiyyatını və mədəniyyətini mənimsəmək imkanı yaradır. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları layihənin bütün texniki incəlikləri və istifadə qaydası barədə iştirakçıları bilgiləndiriblər.
Bildirilib ki, burada bir neçə istiqamət üzrə məlumat əldə etmək mümkündür. "Ana dili" bölməsində Azərbaycan dilinin qramatikası, fonetika, leksika, morfologiya, köməkçi nitq hissələri, sintaksis dərsləri yerləşdirilib. Burada Azərbaycan dilinin qanunauyğunluqları barədə ətraflı məlumat əldə etmək olar. Bölmədə hər bir mövzu ayrıca dərs kimi yerləşdirilib. "Azərbaycan coğrafiyası" bölməsində Azərbaycanın fiziki və iqtisadi coğrafiyası barədə məlumatlar öz əksini tapıb. Burada Azərbaycanın relyefi, flora və faunası, iqlimi barədə ətraflı məlumat verilir. İqtisadi coğrafiya alt bölməsində Azərbaycanın iqtisadi regionları, onların ölkənin iqtisadi sistemində yeri və rolu, ölkəmizin təbii sərvətləri, sənaye və kənd təsərrüfatının inkişaf tempi barədə informasiyalar yer alıb. "Azərbaycan tarixi" bölməsi Azərbaycanın ən qədim dövrlərdən müasir günümüzə qədər olan tarixini əhatə edir. Bu bölmədə tarixi proseslər barədə xronoloji ardıcıllıqla məlumat verilib. "Azərbaycan tarixi" bölməsindən, həmçinin Azərbaycan ərazisində yaranmış dövlətlər, onların taleyi, xalqımızın görkəmli tarixi şəxsiyyətləri haqqında zəruri məlumatları əldə etmək mümkündür.
Məktəbin vəsaitlərindən istifadə etmək üçün buraya üzv olmaq vacib şərt deyil. Lakin layihədə iştirak etmək və sertifikat almaq üçün hər bir istifadəçinin məktəbə üzv olması və "online" imtahandan keçməsi lazımdır. Bunun üçün saytda göstərilmiş məlumat blankını doldurmaq tələb olunur. Məlumat blankında göstərilmiş yanlış informasiyalara görə sənədi dolduran istifadəçi məsuliyyət daşıyır.
Qeyd edək ki, bu ideya ilk dəfə olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ilin noyabrın 17-19-da Bakıda keçirilmiş Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında irəli sürülüb. Qurultay çərçivəsində türkdilli xalqlar arasında elm, texnika, mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm və maliyyə sahələrində əməkdaşlıq, türk dünyasının mədəni irsinin təbliği, türk gəncliyinin qarşısında duran vəzifələr, onların milli ruhda tərbiyə olunması problemləri, müasir qloballaşma proseslərinin xalqlarımızın həyatına təsiri ilə bağlı da məsələlər müzakirə edilib. Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev Qurultayın Elm, təhsil və texnologiya komissiyasının iclasındakı çıxışında xaricdə yaşayan soydaşlarımıza milli-mənəvi irsimizin, tariximizin öyrədilməsinə ciddi ehtiyac duyulduğunu nəzərə alaraq, bu sahədə virtual məkanın imkanlarından daha geniş şəkildə faydalanmağın vacibliyini vurğulayıb. 2008-ci il dekabrın 18-19-da Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının toplantısında Azərbaycan həqiqətlərinin təbliği, lobbi quruculuğu, soydaşlarımızın yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiyası, ictimai-siyasi proseslərdə daha fəal iştirakının təmin olunması ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Toplantı çərçivəsində rəy və təkliflər nəzərə alınmaqla əsas kimi qəbul olunan "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası" layihəsinin 12.15.-ci bəndində xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara və gənclərə müasir informasiya texnologiyaları vasitəsilə ana dilini, Azərbaycan tarixini, mədəniyyətini, coğrafiyasını tədris etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu ilə birlikdə "Virtual həftə sonu məktəbi"nin yaradılması nəzərdə tutulub.
Layihənin həyata keçirilməsinə 2009-cu ildə başlanılıb.
Konqresi Diasporla İş üzrə Dövlət Komitəsi Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edib. Tədbir Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan Gəncliyi Dövlət Proqramı"na uyğun olaraq keçirilir. Tədbirdə Azərbaycandan 41 gənclər təşkilatının nümayəndəsi, dünyaın 23 ölkəsindən 131 gənclər təşkilatının nümayəndəsi, 25 ölkədən 41 diaspor təşkilatının rəhbəri iştirak edirlər. Toplantıya fəaliyyət göstərdiyi qısa müddət ərzində kifayət qədər böyük işlər görməyə müvəffəq olmuş Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı–RAGT (AMOR) 23 nəfərlik nümayəndə heyəti ilə qatılıb. Qeyd edək ki, Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin təşkili xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi məqsədinə xidmət edir.