ABŞ-ın başçılığı ilə Əfqanıstanı işğal edən NATO düz 9 il 50 gündür ki, buradadır. Keçmiş SSRİ isə 1979-cu il 27 dekabrda kommunist rejim qurmaq üçün girdiyi ölkədə düz 9 il 50 gün qala bilib. Deməli ABŞ keçmiş sovet imperiyasının Əfqanıstan rekordunu təzələyə bilib. SSRİ ordusu əfqan mücahidlərə qarşı ağır bir məğlubiyyətə uğrayaraq geri çəkilməyə məcbur olub. ABŞ liderliyindəki NATO-nun eyni taleyi yaşayıb-yaşamayacağı da müzakirə mövzusudur.
ABŞ-ın Nyu-York şəhərindəki Dünya Ticarət Mərkəzinə edilən hücumdan sonra terror hücumunun arxasında "Əl-Qaidə" terror təşkilatının və Əfqanıstandakı Taliban rejiminin olduğunu iddia edən Vaşinqton Əfqanıstanın işğalı qərarına gəldi. ABŞ Taliban rejimini devirmək üçün NATO-nun əmrində Əfqanıstana əsgər göndərdi. Dövrün ABŞ prezidenti Corc Buş və NATO rəhbərliyi sürətli və asan bir qələbə qazanacaqlarına ümid edirdilər.
Əfqanıstan işğal edildikdən qısa bir müddət sonra Taliban rejimi devrildi. Ancaq Əfqanıstan dağlarının Taliban və "Əl-Qaidə" üzvlərindən təmizlənməsi lazım idi. ABŞ-ın əmrindəki NATO zaman keçdikcə ciddi bir müqavimətlə qarşılaşdığını anlamağa başladı. NATO 9 il 50 gün içində 2 mindən çox əsgərini itirdi. Əfqan tərəfinin məlumatlarına görə, bu müddət ərzində 20 min ölkə vətəndaşı həyatını itirib, ancaq həyatını itirən vətəndaşların sayının daha çox olduğu ehtimal edilir. SSRİ-nin Əfqanıstanı işğalı isə daha qanlı olub. İmperiya Əfqanıstanı 500 min əsgərlə işğal etdi. 9 il 50 gün ərzində 1 milyon əfqan vətəndaşı həyatını itirdi. Müharibədə 15 min SSRİ hərbçisi öldü, 40 mini də yaralandı.
Əfqan mücahidlərin SSRİ-ni məğlubiyyətə uğratmasında ABŞ-ın böyük rolu olub. ABŞ əfqan mücahidlərini silahla təmin edib. Əfqan mücahidləri ABŞ-dan aldıqları "Stinger" tipli raketlərlə işğalın son dövrlərində hər gün SSRİ-nin ya bir hərbi təyyarəsini, ya da vertolyotunu vurmağa başlamışdı. SSRİ-nin son rəhbəri Mixail Qorbaçovun islahatlarının başlanması ilə bu ölkə 9 il 50 gün işğaldan sonra 15 Fevral 1989-cu ildə Əfqanıstandan çəkildi.
Hərbi blok Lissabon sammitində Əfqanıstandan çəkilmə tarixi olaraq 2014-cü ili göstərib. Plana görə, blok 2012-ci ildən etibarən Əfqanıstandakı hərbçilərin sayını azaldacaq və 2014-cü ildə ölkəyə nəzarəti tamamilə əfqan rəhbərliyinə təhvil verəcək. Terror ekspertləri isə hesab edir ki, SSRİ-nin Əfqanıstanda yaşadığı taleyi NATO da yaşayacaq.