Bu gün xarici qonaqlar üçün Azərbaycanın görməli yerlərinə gəzinti təşkil ediləcək

27 Noyabr 2010 19:47 (UTC+04:00)
Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikası Təhsil nazirliyi, "AZƏRİQAZBANK", "Azərsun" Şirkətlər Qrupu və British Counsilin dəstəyi ilə "Mədəniyyətlərarası dialoq: Linqvistik, pedaqoji və ədəbi aspektlər" mövzusunda ikigünlük beynəlxalq elmi konfrans öz işini yekunlaşdırıb. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bağlanış mərasimində elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov keçirilən konfransın əhəmiyyətindən danışıb və bölmələr üzrə keçirilən maraqlı söhbətlərin, qızğın diskussiyaların şahidi olduqlarını söyləyib. Konfransa gələn qonaqların KİV-də verdikləri müsahibələrin geniş əks-səda doğurduğunu deyən D.Yunusov adıçəkilən konfransda qarşılıqlı fikir mübadilələrinin hər iki tərəf üçün uğurlu olduğunu da vurğulayıb.

Sonra bölmə rəhbərləri öz hesabatlarını təqdim ediblər. Hesabatlarında onlar bölmələrdə müzakirə etdikləri məsələlərin səmərəliliyini daha da artırmaq üçün bir sıra rəy və təkliflərini bildirib və bu kimi konfransların mütəmadi keçirilməsini məqsədəmüvafiq olduğunu qeyd ediblər. Daha sonra D.Yunusov beynəlxalq konfransın xaricdən olan nümayəndələrinə sertifikat təqdim edib. Sonda konfransın yekun sənədi qəbul edilib. Bununla da "Mədəniyyətlərarası dialoq: Linqvistik, pedaqoji və ədəbi aspektlər" mövzusunda ikigünlük beynəlxalq elmi konfrans başa çatıb.

Bu gün isə konfransda iştirak edən qonaqlar üçün gəzinti təşkil ediləcək.

Qeyd edək ki, konfrans çərçivəsində 4 bölmədə 250-yə yaxın məruzə səslənib. Bu məruzələr dil, mədəniyyət, kulturologiya, tərcümə, informasiya, qarşılıqlı əlaqələr və digər sahələri özündə əks etdirib.