BakuTel-2010 Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransına start verilib
24 Noyabr 2010 02:30 (UTC+04:00)
Bu gün BakuTel-2010 Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransına start verilib. Sayca 16-cı sərgisi keçirilən bu layihənin əsas şüarı "Beynəlxalq İKT Həftəsi" olub. SİA-nın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sərgi Iteca Caspian LLC və tərəfdaşı ITE Group PLC şirkətləri tərəfindən təşkil olunub. Tədbir həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), BMT-nin İKT və İnkişaf üzrə Qlobal Alyansı (GAID), eləcə də Regional Rabitə Birliyi (RRB) kimi beynəlxalq qurumlar tərəfindən də dəstəklənib. Sərginin baş sponsoru qismində Huawei Technologies şirkəti çıxış edib. İlk dəfə olaraq, BakuTel sərgisi yeni "Bakı Ekspo Mərkəzi" sərgi kompleksində təşkil olunub. Bu il sərgi dünyanın 15 ölkəsindən 100-dən çox şirkəti bir araya gətirib. Yerli şirkətlərin ekspozisiyası sərginin ümumi ərazisinin təxminən 40 faizini tutacaq. Qeyd edək ki, bu il BakuTel-in ümumi ərazisi 30 faiz genişlənib. Sərginin açılış mərasimində Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxış edib. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təbii sərvətlərə əsaslanan iqtisadiyyatdan texniki və elm tutumlu iqtisadiyyata keçid yolunda İKT sektoruna göstərilən diqqət və qayğı, aparılan məqsədyönlü siyasət, reallaşdırılan irimiqyaslı layihə və proqramlar nəticəsində informasiya-kommunikasiya texnologiyaları sahəsi dinamik inkişaf yolunu yaşamaqdadır. Əli Abbasov BakuTel-in irimiqyaslı beynəlxalq tədbir olmaqla nəinki Azərbaycanın, bütün regionun informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı üçün böyük əhəmiyyət kəsb edən bir platforma olduğunu qeyd edib. Daha sonra nazir sərgi iştirakçılarını bir daha bu mötəbər tədbir münasibətilə təbrik edib və uğurlar arzu edib. Həmçinin tədbirdə Rusiya rabitə və kütləvi kommunikasiyalar naziri İqor Şeqolev və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibinin müavini Xuolin Çjao çıxış ediblər. X. Çjao BTİ-nin baş katibi Hamədun Turenin BakuTel 2010 iştirakçılarına müraciətini oxuyub. Bundan əlavə Bakutel 2010 iştirakçılarına BMT-nin baş katibi Pan Qi Munun da müraciəti oxunub.