Binəqədidə Milli Qurtuluş Gününə həsr edilmiş festival keçirilib

13 İyun 2018 18:11 (UTC+04:00)

Binəqədidə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Milli Qurtuluş Günü münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin təqdimatında “Azərbaycan Səninlədir-Sənsiz deyil” VIII yaradıcılıq festivalı keçirilib. SİA-nın məlumatına görə, festival Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi və 6 №li Uşaq Gənclərin İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkilləri Eldar İbrahimov, Kəmaləddin Qafarov, Madər Musayev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalov, BRİH başçısının müavinləri, BRİH başçısı Aparatının əməkdaşları, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, müvafiq təhsil müəssisələrinin rəhbərləri, rayon gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, ASAN könüllüləri və başqaları iştirak ediblər.

Tədbirin aparıcıları qonaqları salamladıqdan sonra Dövlət Himni səsləndirilib və festival “Azərbaycan” mahnısı ilə açıq elan olunub. Laureatların vətənpərvərlik mövzusunda çıxışları, rəqs nümunələri, kompozisiyalar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin bədii hissəsindən sonra çıxış üçün söz gənclər və idman nazirinin müavini İntiqam Babayevə verilib. İ.Babayev əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsi kimi bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsilin yetişmişdiyini bildirib. Natiq bugünkü Azərbaycan gəncliyinin Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirdiyini, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiram hissi ilə xatırladığını qeyd edib.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı E.Allahverdiyev çıxış edərək müsabiqə iştirakçılarını təbrik edib, onların valideynlərinə və müəllimlərinə təşəkkürünü bildirib. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdən E.Allahverdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığını qeyd edib. Natiq bu siyasət çərçivəsində uğurla icra olunan bu kimi tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi olduğumuzu deyib.