Yeniyetmə güləşçilər AÇ-də iştirak edəcək

13 İyun 2018 15:41 (UTC+04:00)

İyunun 15-17-də Macarıstanın Györ şəhərində 2003-2004-cü il təvəllüdlü yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, sərbəst və yunan-Roma güləşi üzrə yığmamızın üzvləri çempionatda iştirak edəcək.

İlk yarış günündə sərbəst güləşçilər xalça üzərinə çıxacaq. Məşqçi Namiq Quliyevin rəhbərliyi altında Əbdül Abdullayev, İbrahim Musayev (hər ikisi 38 kq), Cavid Cavadov (41 kq), Ramik Heybətov, Ceyhun Allahverdiyev (hər ikisi 44 kq), Əkbər Vəliyev (48 kq), Riyad Aslanov (52 kq), Məmməd Əhmədov, Məhəmmədəli Quliyev (57 kq), Məmmədəli Əliyev (62 kq), Fuad Yunusov (68 kq) və Varis Mehdizadə (75 kq) ölkəmizi təmsil edəcək.

Son yarış günündə mübarizə aparacaq yunan-Roma güləşçiləri isə çempionatda məşqçi Əfsər Namazəliyevin rəhbərliyi altında iştirak edəcək. Heyətdə Rəşad Həsənli, Zamiq Kərimov (hər ikisi 41 kq), Alim Balaşlı, Cavidan Məmmədli (hər ikisi 44 kq), Teymur Əhmədli (48 kq), Elmir Əliyev (52 kq), Fərid Zeynalabdinov, Xanəhməd Zeynalov (hər ikisi 62 kq), Əli Əlizadə (68 kq) və Emil Əmiraslanov yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakimlər Həbub Nurlu və Əli Babayev təmsil edəcək. Onlar həmçinin, beynəlxalq dərəcəli hakimlik adı almaq üçün Dünya Güləş Birliyinin təşkil etdiyi kursa qatılacaq, nəzəri və praktiki imtahanda iştirak edəcəklər.