Bilik Fondu Milli Qurtuluş Gününü qeyd edir FOTO

13 İyun 2018 14:50 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə ölkənin müxtəlif bölgələrində bir sıra maarifləndirici tədbirlər təşkil edib. Fonddan SİA-ya verilən məlumata görə, iyunun 12-də Ağstafa Regional Bilik Evində, ertəsi gün isə Şəmkir Bilik Evində Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyevanın "Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı səhifəsidir" mövzusunda mühazirəsi keçirilib.

Ağstafa Regional Bilik Evinin müdiri Leyla İsayeva bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyaraq, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və bununla da inkişafın təməlini qoyub. Ağstafa Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Bilik Fondunun baş məsləhətçisi Almaz Axundova çıxış edərək bu günün önəmindən bəhs ediblər.

Şəmkir Bilik Evində Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə söbəsinin baş məsləhətçisi Davud Süleymanov Ümummilli liderin şəxsiyyətinin, onun özünəməxsus siyasi idarəetmə qabiliyyətinin, xarizması, qətiyyəti və uzaqgörənliyinin xalqımızı Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirdiyini qeyd edib.

Mühazirəçi S.Əliyeva Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışını dövlətçilik tariximizin şanlı səhifəsi kimi dəyərləndirib. Bildirilib ki, məhz bu dövrdə Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başlayıb, qarşıda duran problemlər həll olunub, əmin-amanlıq, siyasi sabitlik yaranıb.

Daha bir maarifləndirici tədbir İsmayıllı Bilik Evində yerli gənclərin iştirakı ilə keçirilib. Bilik Evinin müdiri Sevinc Novruzova, “İsmayıllı xəbərləri” qəzetinin redaktoru Elnarə Qasımova, Bilik Evində təşkil olunmuş “Kompüter texnologiyaları və kargüzarlıq işi” kursunun təlimçisi Nərmin Baxışlı çıxış edərək Milli Qurtuluş Gününün Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıblar.

Qeyd olunub ki, məhz 1993-cü il iyunun 15-dən sonra ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanıb, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilib.