“Evdə yoxam” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib

11 İyun 2018 15:31 (UTC+04:00)

M.F.Axundzadə adına Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada Prezident təqaüdçüsü, gənc şair İntiqam Yaşarın “Evdə yoxam” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycan Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi və Milli Kitabxana tərəfindən təşkil edilib.

Kitabxanadan SİA-ya bildirilib ki, Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova, Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid “Açıq kitabxana” layihəsi çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıblar.

Tədbirdə şairlər Əkbər Qoşalı, Musa Ələkbərli, Fərqanə Mehdiyeva, Süleyman Abdulla, Esmira Məhiqızı, Ulucay Akif, Ümid Nəccari, Taleh Mənsur, Təbriz Xəlilsoy, bədii qiraət ustası Xəzər Süleymanlı, İntiqam Yaşarın müəllimi, filologiya üzrə fəlsəfə doktoru Əminə İbrahimli və başqaları çıxış ediblər. Sonra İntiqam Yaşar öz şeirlərini söyləyib və “Evdə yoxam” kitabını imzası ilə oxuculara təqdim edib.