Bu gün "Sahil" stansiyası əsaslı təmir və yenidənqurma işlərindən sonra qapılarını sərnişinlərin üzünə açıb. SİA-nın verdiyi məlumata görə, "Bakı Metropoliteni” QSC rəhbərliyinin stansiyanın vəziyyətini qabaqcadan öyrənib qiymətləndirməklə tərtib etdiyi tədbirlər planında nəzərdə tutulan işlər icra ardıcıllığı, eləcə də mütəmadi nəzarət sayəsində təyin edilmiş müddətdən əvvəl yekunlaşdırılıb.
Stansiyada təmir işlərinə başlanılmasının əsas səbəbi eskalatorların dəyişdirilməsi zərurəti idi. Qeyd edək ki, 1967-ci il noyabrın 6-da Bakı metropoliteninin istifadəyə verilən ilk sahəsinin 5 stansiyasından biri olan "Sahil" stansiyasının eskalatorları 50 illik istismar müddətini başa vurmuşdu. Onların dəyişdirildiyi müddətdə bir giriş-çıxışı olan stansiyanın bağlanması və sərnişindaşıma prosesindən təcrid olunması qaçılmaz idi. Bunu nəzərə aldıqda, yerləşdiyi coğrafi məkanın ağır hidrogeoloji mühitinin təsirlərinə məruz qalmış stansiyanın uzunmüddətli istismar dövründə sıradan çıxmış və köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və digər infrastrukturunun yenilənməsi məntiqi tələbə çevrilmişdi.
Stansiyada geniş həcmli yenidənqurma işlərinə 2017-ci ilin avqust ayının 21-dən start verilib. Təmir işlərinə qədər Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli qurumlarının, xüsusən S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun mütəxəssislərinin iştirakı ilə "Sahil" stansiyasının bütün infrastrukturunun vəziyyətinin qiymətləndirilməsi işləri aparılıb.
Təmir-yenidənqurma işləri çərçivəsində istismar müddətini başa vurmuş "LT-3" tipli 3 eskalator sökülərək, əvəzinə Almaniyanın "Thyssen Krupp" şirkətinin istehsalı olan "Viktoriya Tube" tipli 4 yeni eskalator quraşdırılıb. Dərin özüllü stansiyaların xüsusiyyətləri nəzərə alınmaqla, konstruksiyasında bir sıra mühəndis-texniki yeniliklər edilmiş bu eskalatorlar ilk dəfə məhz Bakı metropolitenində tətbiq edilib. Üç eskalator əvəzinə dördünün tətbiq edilməsi isə bir giriş-çıxışı olan, həmçinin sərnişin sıxlığı ilə seçilən “Sahil” stansiyasında hərəkətin tənzimlənməsini daha operativ, təhlükəsiz və rahat təmin etməyə şərait yaradacaq. Qeyd edək ki, buna qədər "28 May" stansiyasında olduğu kimi, "Sahil" stansiyasında da köhnə Sovet tipli 3 eskalatorun əvəzinə, Almaniya istehsalı olan 4 müasir analoqu quraşdırılıb. Quraşdırılan eskalatorların fərqli və üstün cəhətləri var. "28 May" stansiyasında iki eskalatorun eni bir metr, digər ikisi isə qismən qısadır. Lakin "Sahil" stansiyasında quraşdırılan eskalatorların yenilikləri sayəsində pillələrin hər birinin eni bir metrdir. Bundan savayı, eskalatorlar, platforma səviyyəsində olduğu kimi, vestibüldə də bir xətt üzrə yerləşir.
Quraşdırma iki mərhələdə aparılıb və sazlama prosesi texniki normativlərə uyğun olaraq yerinə yetirilib. Daha sonra bu tip eskalatorlar üçün müəyyən edilmiş norma və qaydaların tələbinə əsasən, hər pillənin real sərnişin kütləsi nəzərə alınmaqla sınaq əməliyyatı keçirilib.
Köhnə eskalatorlar sökülərkən, maili gedişin tunel geyimi təftiş olunaraq korroziyadan təmizlənib, axıntılar əleyhinə tədbirlər görülüb və korroziyadan mühafizə məqsədilə xüsusi boyaq maddəsi ilə rənglənib. Yeni eskalatorların quraşdırılması başa çatdıqdan sonra tunel geyimi üzərinə stansiyanın ümumi memarlıq ansamblına uyğun örtük təbəqəsi çəkilib, maili gediş işıqlandırılıb, stansiyada radioqovşaq, videomüşahidə kameraları və monitorlar quraşdırılıb.
Digər təmir-bərpa tədbirləri çərçivəsində, əhəmiyyətli işlər platforma və platformaaltı səviyyələrdə həyata kecirilib. Çünki hidrogeoloji təsirlərin daha fəal olduğu və təbii hava axınının ən az təsir etdiyi bu sahələrdə nəinki korroziya əleyhinə, hətta bir sıra möhkəmləndirici tədbirlərin görülməsinə zərurət yaranmışdı. Söküntü başa çatdıqdan sonra dayanıqlığını itirmiş metal konstruksiyalar yeni metal təbəqə ilə gücləndirilib. Həmin müddət ərzində platforma boyunca stansiya yolları və yol divarlarının gücləndirilməsi, eləcə də tunel geyimində axıntı əleyhinə tədbirlərin görülməsi icra olunub.
Platforma altında kollektor səviyyəsindən başlamaqla, daşıyıcı divarlar metal torlarla möhkəmləndirilib. Platformanın altında təbii havalandırmanın normal təmin edilməsi üçün tədbirlər görülməklə, divarlarda yararsız hala düşmüş hissələr sökülüb, yeni sütunlar qoyulub, yükdaşıyıcı divar boyunca yeni rigellər düzülüb, dəmir-beton konstruksiyadan yeni karkas yığılıb və betonlanıb. Diqqət tələb edən mühüm məsələ kimi, stansiyanın sərnişin platformasının dəmir-beton döşəmələri, həmçinin döşəmə üzlükləri yenilənib.
"Bakı Metropoliteni" QSC rəhbərliyinin qərarına əsasən, qatarların "İçərişəhər-28 May" və əksinə istiqamətlərdə hərəkətinə mane olmamaq, işçilərin təhlükəsizliyini təmin etmək, eləcə də işləri sürətlə və daha keyfiyyətlə icra etmək məqsədilə yol divarlarında işlər yalnız gecə növbəsində yerinə yetirilib. Təmir dövründə yol divarlarında tunel geyiminin çətiri, metal profilləri və korroziyaya uğramış bərkidici elementləri qaynaq üsulu ilə söküldükdən sonra axıntılar ləğv edilib, tunel geyimi korroziya əleyhinə müasir boya ilə rənglənib, yeni metal-konstruksiya quraşdırılaraq, divarın alt hissəsinin qranit və üstünün keramoqranit örtüyü vurulub.
Yol tavanında suötürücü çətirin quraşdırılması, müvafiq örtük qatı ilə üzlənməsi hərəkət qatarının əndazə tələblərinə cavab verən xüsusi konstruksiya qurulmaqla aparılıb və bu da qeyd edilən təmir prosesinin gündüz saatlarında da yerinə yetirilməsini mümkün edib. Eyni işlər orta zalda da xüsusi təhlükəsizlik tələbləri nəzərə alınmaqla yerinə yetirilib. Məhz bu tədbirlər sayəsində stansiyanın təmiri dövründə işçilərin sağlamlığına zərər vura biləcək neqativ hadisələr qeydə alınmayıb.
Stansiyanın yerüstü vestibülündə də müvafiq təmir, yenidənqurma tədbirləri görülüb. Divarlar müasir tələblərə uyğun yenilənib və ümumi memarlıq üslubuna uyğun quraşdırılmış pərvazlar, həm də vestibülün estetik görkəmini dəyişib. Tavanda yeni işıqlanma sistemi ilə təchiz olunmuş, həmçinin ümumi memarlıq-dizayn tərtibatını tamamlayan dairə formalı müasir çilçıraq quraşdırılıb.
Stansiya infrastrukturu, o cümlədən stansiya yolları, platforma və platformaaltı səviyyələrdə yerləşən texniki sahələr, yardımçı otaqlar, sanitar qovşaqları dövrün ən yeni standartlarının tələbləri nəzərə alınaraq yenidən qurulub və daha funksional olub. Bu sırada mühəndis-texniki qurğularda əsaslı sağlamlaşdırma və yenidənqurma işləri aparılıb. Stansiyada hərəkətin tənzimlənməsi, videomüşahidə, işarəvermə və rabitə sistemlərinin avadanlıqları yenilənməklə, onların yerləşdiyi sahələr və otaqlar texniki normativlərin tələblərinə uyğun yeni standartlar səviyyəsinə çatdırılıb.
Bu xüsusda təbii havalandırmanın norma və qaydalar çərçivəsində təmin olunması, xidməti otaqlarda mikroiqlim şəraitinin mövsümə müvafiq norma həddinə uyğunlaşdırılması üçün VRV tipli mərkəzləşdirilmiş isitmə-soyutma sistemi quraşdırılıb.
Elektromexaniki və digər qurğuların yerləşdiyi platformaaltı ərazi hər bir xidmət sahəsinin tələblərinə cavab verən səviyyədə tamamilə yenidən qurulub. Burada çirkab suxaric qurğuları üçün "Sekamatik" çənlər, "Varisko" tipli nasoslar quraşdırılıb. Əsaslı və yerli suxaric qurğularında FHE tipli nasoslar quraşdırılıb. O da əlavə edilməlidir ki, stansiyanın elektrik təchizatını təmin edən yarımstansiya 2015-ci ildə ən müasir texnoloji tələblər səviyyəsində təmir olunaraq yenidən qurulub.
Bakı metropoliteninin hər bir stansiyası həm də memarlıq üslubu ilə seçilir. Müstəqillik əldə olunana qədər “26 Bakı komissarı” adlandırılan bu stansiya mavi Xəzərin sahilində, dənizkənarı bulvarın yaxınlığında yerləşdiyindən 1992-ci ildə “Sahil” adlandırılıb. Buna qədər stansiyanın adını yalnız bir element - platformanın orta zalının sonunda yerləşən panno xatırladırdı. İndi isə stansiya metropolitenin özünəməxsus üslubu ilə seçilən memarlıq nümunəsinə çevrilib. Memar Cahangir Sadıxovun işi olan memarlıq mövzusunun ideyasına görə, platformada orta zalın sonunda bütün divar boyu əvvəlki pannonun yerində doğan günəş kompozisiyası yer alır. Yenicə oyanan günəşin şəfəqlərini xatırladan işıq effektləri daha sonra tavan boyunca stansiyanın ümumi işıqlandırma sisteminə qovuşaraq kompozisiyanı tamamlayır. Döşəmənin və divar altının qranit, divarlarının keramoqranit örtüyü öz rəngi ilə bu mənzərəyə xüsusi effekt gətirir. Həmçinin pilon divarları boyunca milli xalçaçılıq sənəti elementləri ilə zənginləşdirilmiş pərvazların arxasının işıqlandırılma sistemi stansiyanın memarlıq ansamblını zənginləşdirir. Stansiya yollarının tavan və pilon divarlarını əhatə edən xalça naxışlı pərvazların işıqlandırılması gözləmə zalında da erqonomik tələblərə uyğunluq yaradır. Yol divarlarında stansiyanın adının və istiqamət göstəricilərinin çıxıntılı qara örtük üzərində yerləşdirilməsi ümumi mənzərə ilə vəhdət təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq olunmuş Dövlət Proqramına uyğun olaraq, Bakı metropoliteni stansiyalarının yenidən qurulması, infrastrukturun müasir standartların tələbləri səviyyəsinə çatdırılması işləri planlı surətdə aparılır. Hazırda "Bakmil" stansiyasının yenidənqurma tədbirləri mərhələli şəkildə yerinə yetirilir. Yaxın gələcəkdə "Xətai" stansiyasının istismar müddətini başa vuracaq eskalatorlarının dəyişdirilməsi, həmçinin stansiya və stansiya yollarının yenidənqurma işlərinin davam etdirilməsi də nəzərdə tutulub.