"Sahil" metro stansiyası əsaslı təmir işlərindən sonra vətəndaşların ixtiyarına verilib. SİA-nın xəbərinə görə, artıq bu gün səhər saatlarında metro fəaliyyətə başlayıb.
Qeyd edək ki, 2017-ci ilin avqustun 20-dən təmirə bağlanan "Sahil" metro stansiyasında dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş Bakı metropoliteninin inkişafına dair Dövlət Proqramına əsasən yenidən qurulub, əsaslı təmir və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunub. "Sahil" stansiyasında aparılan əsaslı təmir müddətində quraşdırılmış "LT-3" tipli 3 eskalator sökülərək, yerində Almaniyanın «ThyssenKrupp Fahrtreppe» şirkətinin "Viktoriya" tipli 4 eskalatoru quraşdırılıb.