YAP icra katibinin müavini: “Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında çətin və ağır bir dövrdə yaranıb”
20 Noyabr 2010 23:43 (UTC+04:00)
Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında çətin və ağır bir dövrdə yarandı. Bu barədə SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov partiyanın yaranmasının 18 illiyinə münasibət bildirərkən deyib. O bildirib ki, hətta o vaxtki iqtidar təsis konfransının Bakıda keçirilməsinə imkan vermədi, ona görə də məcburiyyət qarşısında 550 nümayəndənin iştirakı ilə partiyanın təsis konfransı Naxçıvanda keçirildi.
"1992-ci ildə orada da Yeni Azərbaycan Partiyası təsis olundu. Yeni Azərbaycan Partiyası qısa müddət ərzində formalaşdı və respublikanın hər bir yerində onun rayon və şəhər təşkilatları yarandı. Nəticə etibarı ilə bu gün 500 mindən çox azərbaycanlı YAP-ın sıralarında cəmləşiblər", - deyə o əlavə edib.
Qeyd edək ki, 1992-ci il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasında Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirilib və bu qurultayda Heydər Əliyev partiyanın sədri seçilib. Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 18-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. Hyatt Regency otelinin "Quba" zalında baş tutan tədbirə YAP-ın yaradılmasında Ulu Öndərlə çiyin-çiyinə mübarizə aparmış ziyalılar, bu gün partiyanın siyasi-ideoloji xəttini müəyyənləşdirən funksionerlər, hökumət və dövlət nümayəndələri, Milli Məclisin deputatları, media mənsubları və digər nümayəndələr qatılıblar.