Paytaxt küçələrində yeni panduslar quraşdırılacaq. Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Trend-ə bildirib ki, bu yay cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanan pandusların quraşdırılması işləri də davam etdiriləcək.
M.Ağayev qeyd edib ki, Bakı Nəqliyyat Agentliyinin prioritet layihələrindən biri də orta məktəblərin ətrafında hərəkətin təhlükəsizliyinin təşkil edilməsi ilə bağlıdır: “Bu çərçivədə Təhsil Nazirliyi ilə Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri birgə pilot layihə hazırlayıb. Layihə 189-190 saylı məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyinin artırılmasını nəzərdə tutur. Artıq yekunlaşmaqda olan işlər çərçivəsində məktəblərin ətrafında təhlükəsizliyin artırılması məqsədilə sürət hədləri endirilib, sürət məhdudlaşdırıcı sədlər yerləşdirilib, yerdə xüsusi nişanlanmalar tətbiq edilib, məhəccərlər və panduslar təşkil edilib”.