Xəbər verdiyimiz kimi Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının III Zirvə Toplantısı başa çatıb. Bakı sammitində ölkə başçıları Xəzərin hüquqi statusu ilə bağlı müzakirələr aparıblar. Zirvə Görüşündən sonra sənədlərin imzalanması mərasimi olub. Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan prezidentləri Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair Sazişi və prezidentlərin birgə bəyanatını imzalayıblar. Ümumiyyətlə, Bakı sammiti Xəzərin statusu və dənizdə əməkdaşlıq kontekstində necə dəyərləndirilir? Yazıda ekspertlərin fikirləri əsasında bu məsələlərə aydınlıq gətirəcəklər.
Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, Xəzərin hüquqi statusunun müəyyənləşməsi istiqamətində böyük iş aparılır: "Əminəm ki, gələcəkdə bu istiqamətdə təcrübi həll yolları tapılacaq. Bu məsələnin nizamlanmaması bizim münasibətlərimizə heç bir neqativ təsir göstərmir".
Xəzərlə bağlı Rusiya-Azərbaycan, Rusiya-Qazaxıstan və Qazaxıstan-Azərbaycan razılaşmalarının önəmini vurğulayan Prezident ümidvar olduğunu bildirib ki, bu təcrübə gələcəkdə Xəzərin hüquqi statusunun müəyyənləşməsində nümunə rolunu oynaya bilər.
Azərbaycan Prezidenti həmçinin qeyd edib ki, Xəzəryanı ölkələr energetika məsələlərində bir-biri ilə rəqib deyillər: "Xəzərin karbohidrogen ehtiyatlarının tranziti üçün Azərbaycanın yaratdığı müasir infrastrukturda qonşu ölkələrin də istifadəsinə verilə bilər. Azərbaycan özünün bütün imkanlarını Xəzəryanı ölkələrə təqdim etməyə hazırdır. Əminəm ki, bugünkü görüş bizim ümumi işimizə öz töhfəsini vermiş olacaq".
Aydın Mirzəzadə: "Bakı sammiti Xəzərlə bağlı olan problemlərin həlli üçün geniş imkanlar açıb"
"Ötən gün ölkəmizdə keçirilən Xəzəryanı ölkələrin başçılarının III Zirvə Toplantısı Xəzərin statusu ilə əlaqədar problemin həlli istiqamətində çox ciddi bir addım oldu". Millət vəkili Aydın Mirzəzadə deyir ki, Xəzər bölgəsinin hüquqi statusu ilə bağlı bu gün həll ediləsi kifayət qədər məsələlər var ki, bura Xəzərin təbii ehtiyatlarından istifadə, ekologiyanın qorunması, humanitar və digər məsələlər daxildir. Onlar daima gündəlikdədirlər".
A.Mirzəzadə söyləyib ki, yekun bəyanata əsasən tərəflər qısa bir zamanda hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı təkliflərini qətiləşdirəcəyini bildirəcəklər. O hesab edir ki, sammit Xəzərlə bağlı olan problemlərin həlli üçün geniş imkanlar açıb. Millət vəkili vurğulayb ki, belə bir sammitin Azərbaycanda keçirilməsinin ölkəmiz üçün böyük önəmi var. Mrzəzadənin sözlərinə görə, bu cür toplantıların Bakıda reallaşması Azərbaycanın bir ölkə kimi yüksək siyasi nüfuzunun artmasına və beynəlxalq tədbirlər keçirilməsində müəyyən təcrübəsi olduğunu ortaya qoyur.
Ölkələr arasında iqtisadi birliyin yaranma ehtimalı ilə bağlı sualı da cavablandıran millət vəkili bildirib ki, bu ölkələrdən ibarət birliyin yaradılması ilə bağlı ideya çoxdandır ki, gündəlikdə var: "Çünki bu 5 ölkə arasında iqtisadi əməkdaşlıq günü-gündən artır. Azərbaycan qalan 4 ölkə ilə həm siyasi, həm də iqtisadi əməkdaşlığa dair daima öz addımlarını atır və qarşı tərəfdən də eyni münasibət görür. Yəni məhz bu 5 ölkəni birləşdirəcək təşkilatın yaranması ölkələrin siyasi iradəsindən asılıdır. Bunu gələcək göstərəcək".
Mübariz Qurbanlı: "Azərbaycanın mövqeyi beynəlxalq norma və prinsiplərə əsaslanır"
Millət vəkili Mübariz Qurbanlı deyib ki, hələ keçmiş SSRİ mövcud olduğu dövrdə İranla Xəzər dənizinin statusuna dair sənəd imzalanıb: "Həmin müqaviləyə görə, Astara-Həsənqulu xətti üzrə Xəzərin cənubda bölgüsü müəyyənləşmişdi. SSRİ dağılandan sonra Xəzərin statusu məsələsi ölkələrin münasibətlərində çox mühüm və önəmli yerlərdən birini tutur".
YAP İcra katibinin müavini qeyd edib ki, ilk vaxtlardan dənizin statusu ilə bağlı hər bir dövlətin öz marağı mövcud olub. "Azərbaycan Xəzərin statusu ilə bağlı məsələdə Rusiya və Qazaxıstanla razılaşmalar əldə edib. Lakin Türkmənistan və İran başqa mövqe ilə çıxış edirlər. Bununla belə, məsələ mütəxəsislər tərəfindən müzakirə olunur, statusun müəyyənləşməsi üzərində iş aparılır".
M.Qurbanlı hesab edir ki, bu məsələdə Azərbaycanın mövqeyi beynəlxalq norma və prinsiplərə əsaslanır. M.Qurbanlı prezidentlərin birgə bəyanatının və Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair Sazişin imzalanmasının vacibliyini qeyd edib. O, bildirib ki, bu sənədlər regional təhlükəsizlik baxımından önəmlidir. "Xəzərdə təhlükəsizliklə bağlı irəli sürülən təkliflər və əldə olunmuş razılaşmalar Xəzəryanı ölkələr üçün böyük önəm kəsb edən məsələdir. Regionda sülh və təhlükəsitzliyin qorunub saxlanılması, Xəzərin hərbisizləşdirilmiş su hövzəsinə çevrilməsi Azərbaycanın da, digər ölkələrin də maraqlarına uyğundur. Təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş Xəzərdə sülh və əmin-amanlıq yaratmaq ideyasına xidmət edir. Azərbaycan öz milli maraqlarından çıxış edərək sazişi imzalayıb", - deyə o, qeyd edib.
3 ölkə Xəzərin milli sektorlara bölünməsində razılaşıb
Qeyd edək ki, 1998-ci ilin iyulunda Qazaxıstan və Rusiya arasında yeraltı sərvətlərdən istifadədə suveren hüquqların həyata keçirilməsi məqsədilə Xəzər dənizinin Şimal hissəsinin dibinin sərhədinin çəkilməsinə dair müqavilə, 2002-ci ilin mayında isə sözügedən müqaviləyə dair protokol imzalanıb. 2001-ci ilin noyabrında və 2003-cü ilin fevralında isə Qazaxıstanla Azərbaycan arasında Xəzərin dibinin bölünməsi barədə müqavilə və ona dair protokol bağlanıb. Eləcə də, Qazaxıstan, Azərbaycan və Rusiya arasında 2003-cü il mayın 14-də Xəzər dənizinin dibinin yaxın hissələrinin bölünmə xətlərinin qovuşma nöqtələri barədə müqavilə imzalanıb. Sahilyanı dövlətlər 2003-cü ilin noyabrında Tehranda Xəzərin dəniz mühitinin mühafizəsinə dair çərçivə konvensiyasını imzalayıblar.
Ümumiyyətlə, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı uzun illərdir ki, müzakirələr aparılır. Azərbaycan hər zaman Xəzərin sülh və əməkdaşlıq hövzəsi kimi təşəkkül tapmasının tərəfdarı qismində çıxış edib. Hələ 2002-ci ildə Türkmənistanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində çıxış edən Ümummilli lider Heydər Əliyev bildirmişdi ki, Xəzər dənizinin hüquqi statusu məsələsinin sahilyanı dövlətlər arasında həlli onların suveren hüquqlarına hörmət, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq ruhunda, dinc vasitələrlə, danışıqlar yolu ilə həyata keçirilməlidir.
Ulu öndər vurğulamışdı ki, Xəzər dənizi Xəzəryanı ölkələrin mehriban qonşuluq, qarşılıqlı surətdə faydalı əməkdaşlıq dənizi, dostluq, sülh və təhlükəsizlik dənizi olmalıdır.
"Əgər 4 postsovet ölkənin mövqeləri üst-üstə düşərsə, tək qalan İran da mövqeyini dəyişməyə məcbur olar"
"Bakı sammitindən sonra ümidlər var ki, Türkmənistanın mövqeyi də dəniz sərhədləri ilə bağlı digər 3 postsovet ölkənin mövqelərinə yaxınlaşsın"-deyən siyasi ekspert Elman Nəsirli Xəzəryanı dövlət başçılarının zirvə toplantısında iki mühüm addımın atıldığını və bunların təhlükəsizlik haqqında əməkdaşlıq müqaviləsi ilə birgə Bakı bəyannaməsinin olduğunu söyləyir.
Təhlükəsizlik haqqında əməkdaşlıq müqaviləsi ilə Xəzərdə mütəşəkkil cinayətkarlıq, qeyri-qanuni miqrasiya, silahlanma kimi təhlükələrə qarşı razılıq əldə edildiyini qeyd edən E.Nəsirli bundan sonra 5 Xəzəryanı ölkənin əlaqələndirilmiş şəkildə fəaliyyət göstərəcəyini deyib. Bu zirvə toplantısının Xəzər problemlərinin həll edilməsi istiqamətində sayca ikinci böyük toplantının olduğunu vurğulayan ekspert birinci toplantının 2003-cü ilin noyabr ayında keçirildiyini xatırladıb. Həmin vaxt 5 ölkənin Xəzərdə təbii mühitin qorunması ilə bağlı konvensiyaya imza atdıqlarını vurğulayan E.Nəsirli təhlükəsizliklə bağlı əməkdaşlıq müqaviləsinin bu baxımdan irəliyə doğru atılmış növbəti bir addım olduğunu söyləyib: "Xəzəryanı ölkələrdən 3-ü, Azərbaycan, Rusiya və Qazaxıstan dənizin dibinin bölüşdürülməsi ilə bağlı razılığa gəliblər. Bu istiqamətdə 2001-2003-cü illərdə konkret addımlar atılıb. Türkmənistanın mövqeyində müəyyən dəyişikliklər hiss olunur. Türkmənistanın keçmiş prezidenti Saparmurat Niyazov olduqca radikal mövqe sərgiləyirdi və Azərbaycanın dəniz sərhədləri ilə bağlı iddiaları var idi, eyni zamanda orta xətt prinsipini qəbul etmək istəmirdi. İranın mövqeyi isə ondan ibarətdir ki, Xəzər dənizi 5 Xəzəryanı ölkə arasında bərabər bölünməlidir. İranın mövqeyində hələ ki, dəyişiklik hiss olunmur. Türkmənistanın yeni prezidenti Qurbanqulu Berdiməhəmmədov prinsip etibarilə orta xətt prinsipini qəbul edir. Amma hesab edir ki, yeni metodologiyalarla sərhədlər müəyynləşdirilməlidir. Bakı sammitindən sonra ümudlər var ki, Türkmənistanın mövqeyi də dəniz sərhədləri ilə bağlı digər 3 postsovet ölkənin mövqelərinə yaxınlaşsın. Əgər 4 ölkənin mövqeləri üst-üstə düşərsə, tək qalan İran da mövqeyini dəyişməyə məcbur olar və yekun konvensiyanın imzalanmasına imkan verən dəyişikliklərin ortaya çıxması istisna deyil. Bu baxımdan bu sammitdə imzalanan sənədlər cox vacibdir".
***
Qeyd edək ki, Azərbaycanın bu məsələdə mövqeyi isə birmənalıdır. Azərbaycan Xəzəri qardaşlıq, sülh rəmzinə çevirmək niyyətindədir. Azərbaycan Prezidenti buna xidmət göstərən istənilən addımı dəstəkləyir, təki söhbət regionda sülhdən, sabitlikdən, Xəzərin təhlükəsizliyindən getsin. Toplantıda iştirak edən Xəzəyanı dövlətlərin prezidentləri Azərbaycan Prezidentinin və dövlətinin bu sahədəki səyini, rolunu xüsusi qeyd etdilər. Bu toplantı Azərbaycanın istər xarici, istər ölkədaxili, istərsə də regional siyasətində yeni bir mərhələnin başlanğıcıdır. Azərbaycan bu regionda stabilliyin, iqtisadi çiçəklənmənin, sülhün qarantı kimi dünyaya bir daha göstərdi ki, o təkcə Cənubi Qafqazda deyil, həm də regionda sülhün əmin -amanlığın, iqtisadi çiçəklənmənin qarantı rolunda çıxış edən güclü bir dövlətə çevrilib.