Vaxtanq Kikabidzenin prodüsseri, texniki heyət və musiqiçiləri bu gün Bakıya gələcək

20 Noyabr 2010 00:25 (UTC+04:00)
Gürcüstanın tanınmış müğənnisi Vaxtanq Kikabidzenin solo konserti ilə əlaqədar olaraq müğənninin prodüsseri, texniki heyət, musiqiçilər bu gün Bakıya gələcək. Bu barədə SİA-ya Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadə məlumat verib. Məlumata görə, müğənninin özü isə sabah Bakıya gələcək. V.Kikabidzenin Azərbaycana səfərinin məqsədi Heydər Əliyev Sarayında xüsusi konsert proqramı ilə çıxış etməkdir.

Azərbaycanda kifayət qədər tamaşaçı auditoriyasına sahiblənən gürcüstanlı müğənninin 15 nəfərlik komandası bu gün axşam Bakıya gələcəyi bildirilir. Vaxtanq Kikabidzenin komandası avtomobillə, özünün isə paytaxta təyyarə ilə gələcəyi gözlənilir.

A.Fərəczadə onu da vurğulayıb ki, konsertin biletlərinin satışı şəhərin bütün mərkəzi kassalarında həyata keçirilir. Artıq biletlərin bir qisminin satıldığını deyən mətbuat katibi, proqramda Vaxtanq Kikabidzenin ifasında yaddaqalan mahnılarını səslənəcəyini diqqətə çatdırıb. Müğənni mahnıları əsasən rus dilində səsləndirəcək. "Ya jizn ne toroplyu" adı altında Heydər Əliyev Sarayında baş tutacaq konsertin biletlərinin qiyməti 10-40 manat arasındadır.