Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı qətnamə layihəsi BMT-nin 3-cü komitəsində qəbul edilib

19 Noyabr 2010 18:50 (UTC+04:00)

Noyabrın 18-də BMT-nin Sosial, mədəni və humanitar məsələlər üzrə komitəsinin (3-cü Komitə) iclasında ölkəmizin ənənəvi olaraq irəli sürdüyü "İtkin düşmüş şəxslər" adlı qətnamə layihəsi konsensusla qəbul edilib. Belə ki, qətnaməyə 71 dövlət həmmüəllif kimi qoşulub.

 

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyindən SİA-ya verilən məlumata görə, itkin düşmüş şəxslər məsələsinin şəffaflıq, məsuliyyətlilik və ictimaiyyətin cəlb olunması və iştirakı ilə bütün ədalətlilik və qanun aliliyi mexanizmlərinə istinadən sülhquruculuq prosesinin tərkib hissəsi kimi ünvanlanması ehtiyacının vurğulanması, münaqişə tərəfləri olan dövlətlərin itkin düşmüş şəxslər fenomeni ilə mübarizə aparılmasında və itkin düşmüş şəxslərin talelərinin müəyyən olunmasında və müvafiq mexanizmlərin, siyasətlərin və qanunların tətbiqində məsuliyyətlərinin tanınması qətnamənin əsas elementlərini təşkil edir.

 

Məlumatda həmçinin qeyd olunub ki, qətnamənin BMT Baş Assambleyasının cari ilin dekabr ayında keçiriləcək iclasında yekun təsdiqi nəzərdə tutulur.