Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yerləşən "Astravel" şirkəti "Ermənistanın qızıl halqası" adlı 14 günlük turu çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərinə 3 günlük səyahətlər təşkil etmək istəyib.
Azərbaycan XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi bununla əlaqədar şirkətin prezidenti Valeri Loşşitsə müraciət edərək Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərin təşkilinin qeyri-qanuni olduğunu izah edib. "Astravel" şirkətinin müxtəlif bəhanələrinə baxmayaraq, səfirlik işğal altındakı Azərbaycan ərazilərinə qeyri-qanuni səyahətlərin təşkilinin qəbulolunmazlığını qəti şəkildə vurğulayıb və bu cür səyahətlər zamanı Rusiya vətəndaşlarının həyatının təhlükə altında qaldığını bildirib.
Səfirlik tərəfindən aparılan işin nəticəsində şirkətin prezidenti V. Loşşits işğal edilmiş ərazilərə səyahətlərin dayandırıldığını açıqlayıb.