Xəzərin hüquqi statusuna dair beş Xəzəryanı ölkənin ümumi dil tapıb razılığa gəlib-gəlməyəcəyi bu gün Bakıda keçiriləcək sammitdə müəyyənləşəcək. Dəniz hüquqi statusunda yaranan anlaşılmazlığın səbəbi Türkmənistan və İranın mövqeyidir. Buna baxmayaraq digər üç Xəzəryanı ölkə Azərbaycan, Rusiya və Qazaxıstan dənizin dibinin bölünməsi barədə iki və üçtərəfli razılığa gəliblər. Hazırda Rusiya Federasiyası, Azərbaycan və Qazaxıstan arasında imzalanan sənədlərə əsasən, Xəzər dənizinin dibinin orta xətt prinsipi ilə bölünməsində sahilyanı dövlətlər onlara mənsub olan dəniz dibinin müvafiq sektorlarında mineral ehtiyatların işlənməsi və istifadəsinə, habelə hüquqa uyğun istənilən təsərrüfat-iqtisadi fəaliyyətə münasibətdə müstəsna hüquqlara malikdirlər.
Status problemi necə yarandı?
SSRİ-nin süqutundan sonra Xəzərsahili dövlətlərin sayının ikidən beşə yüksəlməsi Xəzər dənizinin hüquqi statusuna yenidən baxılmasını zəruri etdi. Xəzərin hüquqi statusu uzun illər Rusiya (SSRİ) və İran arasında bağlanmış ikitərəfli müqavilələrlə tənzimlənirdi. Xəzərin hüquqi statusunun ilkin müddəaları Peterburq (1723), Rəşt (1731), Gülüstan (1813), Türkmənçay (1828) müqavilələrində öz əksini tapmışdı. Lakin həmin sənədlərdə də hüquqi baxımdan "status" anlayışı yoxdur. Bu müqavilələrlə Rusiyaya Xəzərdə böyük imtiyazlar verilirdi.
İranın tərsliyinin hüquqi əsası varmı?
Qeyd olunduğu kimi, dənizin hüquqi statusunun müəyyən olunmasında əsas problem İran və Türkmənistanın mövqeyidir. Hazırda İran və Türkmənistan aşağıdakı arqumentlərlə çıxış edirlər.
- Xəzər unikal qapalı su hövzəsidir və Xəzəryanı dövlətlərin ümumi sərvətidi
- Xəzər 20% prinsipi ilə hər bir Xəzəryanı dövlətlər arasında bölünməlidir
Azərbaycanın mövqeyi ilə Türkmənistan-İranın mövqeyini müqayisə etdikdə görmək mümkündür ki, ikincilərin mövqeyi beynəlxalq hüquq normalarına ziddir. Birincisi ona görə ki, İran və Türkmənistanın irəli sürdüyü arqumentlərdə Xəzər unikal qapalı su hövzəsi hesab edilir. Bu anlayış çox abstrakt olması ilə yanaşı, beynəlxalq hüquqda unikal qapalı su hövzəsinin hüquqi rejimi anlayışı işlədilmir. İkinci, Xəzərin 20% payla Xəzəryanı dövlətlər arasında bölünməsi heç bir hüquqi əsası yoxdur və bu praktik cəhətdən də mümkün deyildir. Xəzərin hüquqi statusu məsələsində tez-tez 1921-və 1940-cı illər Sovet-İran müqavilələrinə istinad edilməsi çox vaxt bu müqavilələrin müddəaları ilə uzlaşmır. Doğrudur, müqavilənin 3-cü maddəsində Xəzərin İran-rus dənizi olduğu və sərbəst gəmiçilik və balıqçılıq məsələləri vurğulanırdı. Qeyd etmək lazımdır ki, İran tərəfi bu maddəni əsas götürərək Xəzərin kondominium prinsiplərinə uyğun istifadəsinin zəruri olduğunu qeyd edir. Lakin müqavilə imzalandıqdan sonra görmək olar ki, Xəzərin istismarında heç vaxt kondominium prinsipi olmayıb. Bağlanmış bütün müqavilələrdə elə bir müddəa yoxdur ki, orada Xəzərin SSRİ və İranın birgə mülkiyyəti olması müddəası bilavasitə və ya dolayısı ilə təsdiq edilsin. Bu təcrübə müasir dövrdə kondominium prinsipinin tətbiqinin mümkünsüzlüyünü göstərir. Birincisi, ona görə ki, 1949-cu ildə SSRİ Xəzərdəki neft ehtiyatlarının işlənməsinə İranın iştirakı olmadan və onunla məsləhətləşmədən başlayıb. Bu zaman İran hər hansı bir formada etirazını bildirib. İkincisi isə hələ 1970-ci ildə SSRİ Neft Nazirliyinin qərarı ilə Xəzərin milli sektorlara bölünmə praktikası həyata keçirilib. Bölgüyə əsasən Xəzərin təqribən 70 min kv. km-i Azərbaycanın, 80-min kv. km-i Türkmənistanın, 60 min kv. km-i Rusiyanın, 105 min kv. km-i Qazaxıstanın payına düşürdü və 55 min kv. km-i İrana qalırdı. Həyata keçirilən bu bölgü ilə İran da tanış edilib və bu bölgünün topoqrafik xəritəsi Tehrana göndərilib. Bu zaman rəsmi Tehran bölgünün aparılmasına heç bir etiraz etməyib. SSRİ-nin süqutuna qədər Xəzərin hüquqi statusu bu razılaşmalarla tənzimlənirdi. Hazırda da Xəzərin hüquqi statusu müəyyən edilmədiyindən Xəzərsahili dövlətlər 1970-ci ildə qəbul olunmuş sektorial bölgünü dövlət sərhədi kimi qəbul edirlər. Bütün bunları nəzərə alaraq Xəzərin sərhəd gölü olduğunu və onun haqlı olaraq Azərbaycan dövlətinin təklif etdiyi kimi milli sektorlara bölünməsinin obyektivliyini belə əsaslandıra bilərik.
- Xəzər beynəlxalq sərhəd gölüdür
- Xəzər orta xətt prinsipi ilə milli sektorlara bölünməlidir
- Xəzərin milli sektorlara bölünməsi keçmiş SSRİ-nin iş praktikasına və o zamankı (1970-ci ildə qəbul olunmuş bölgüyə əsasən) bölgüyə əsaslanıb
- Belə bölgü artıq mövcud olduğundan Xəzəryanı dövlətlər statusu müəyyənləşdirməzdən öncə öz milli sektorunda işə başlaya bilərlər
İranın Xəzər dənizində payı 20 faizdən artıqdır?
Xəzəryanı ölkələrin Bakı sammitindən dənizin hüquqi statusu ilə bağlı yenilik gözləməyə dəyməz. Bunu sammit öncəsi İran rəsmilərinin verdiyi bəyanatlar da sübut edir. Belə ki, bu İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə deyib ki, "1921-1940-cı illərdə Sovet İttifaqı ilə imzaladığımız razılaşmaya əsasən İranın Xəzər dənizində payı 20 faizdən artıqdır". O bildirib ki, Tehran Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı danışıqların ilk günündən öz mövqeyini konkret bildirib: "İran Xəzərdə sülhün və təhlükəsizliyin Xəzəryanı ölkələr tərəfindən qarşılıqlı şəkildə təmin olunmasında təkid edir və bu sahədə təsir gücünə malikdir. Xəzəryanı ölkələr İranın həyata keçirəcəyi layihələrin onlar üçün də faydalı olacağını yaxşı bilirlər. Xəzər sülh dənizidir. Bizim bu dənizdə hər hansı hərəkətimiz beynəlxalq qanunların əleyhinə deyil". Belə bir durumda ən yaxşı halda Bakı sammiti statusun müəyyənləşməsində irəliyə doğru bir addım olacaq.