"Bu yaxınlarda İlahiyyat İnstitutuna rektor təyin olunacaq". SİA-nın verdiyi məlumata görə, bunu bu gün jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, artıq instituta bina da ayrılıb: "Nizamnamə təsdiq üçün hökumətə təqdim edilib. Bütün işlər görülüb".
Dövlət Komitəsinin sədri bildirib ki, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi İlahiyyat İnstitutuna birləşdiriləcək: "Orada çalışan müəllimlər də İlahiyyat İnstitutunda fəaliyyət göstərəcəklər. Gələcəkdə institut üçün şəhərdən kənarda kampusun inşası nəzərə tutulur".
M.Qurbanlı vurğulayıb ki, İlahiyyat İnstitutunu bitirən məzunlar Azərbaycanın məscidlərinə təyinat alacaqlar.