İsveçrə superliqasında çıxış edən "Lütsern" və "Bazel" futbol klublarının azarkeşləri milli çempionatın iki lideri arasında növbəti matç zamanı etiraz aksiyası təşkil ediblər.
SİA-nın məlumatına görə, Milli çempionatla paralel Bazeldə tennis turnirində bu ölkənin ən yaxşı idmançılarından biri olan Rocer Federer ilə serb Novak Cokoviç arasında final matçının keçirilməsi ilə əlaqədar bu iki komanda arasında görüşün vaxtının dəyişdirilərək irəli çəkilməsi fanatların ciddi narazılığına səbəb olub.
Televiziya işçilərinin xahişi ilə futbol matçının başlanması yerli vaxtla saat 12:45-ə keçirilmişdir ki, həmin gün saat 15:00-a təyin edilmiş tennis matçı başlanana qədər futbolçuların görüşü başa çatsın. Həmin gün Lütsern stadionuna gəlmiş azarkeşlərin əksəriyyəti etiraz aksiyasında iştirak edib. Fanatlar özləri ilə gətirdiyi minlərlə tennis topunu futbol meydanına yağdırıblar.
"Lütsern"–"Bazel" matçı 1:1 hesabı ilə heç-heçə başa çatmış, Federer isə finalda Cokoviçə 6:4, 3:6, 6:1 hesabı ilə qalib gəlib.