Şağan Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Alpaqut Turan döyüş sənəti üzrə Açıq Bakı birinciliyi keçirilib. Federasiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Açıq Bakı birinciliyində bütün yaş qrupları üzrə 40-a yaxın komanda olmaqla, 300-dən artıq idmançı öz güclərini sınayıblar.
İdman tədbirində Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Gənclər Birliyinin və Qadınlar Şurasının sədr müavini, 2 saylı Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar liseyinin direktor müavini, Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Nuranə Şıxəliyeva, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Qaradağ rayonunun fəal üzvləri, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin düşməndən azad edilməsində iştirak edən qəhrəmanlar, Lələtəpədə yerləşən N saylı hərbi hissənin hərbçiləri iştirak ediblər.
Yarışlardan öncə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, idmançılar yarış meydanına daxil olublar. Sonra Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev Bakı birinciliyini açıq elan edərək, Azərbaycanda idmana göstərilən diqqət və qayğıdan bəhs edib, Ulu Öndər Heydər Əliyevin daim gəncləri sağlam ruhda inkişaf etməsi barədə tövsiyələrini xatırladıb və yarışda iştirak edən alpaqutçulara uğurlar diləyib.
Çıxış edən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev bildirib ki, qədim türk döyüş sənəti olan Alpaqut idman növünün adı müqəddəs döyüşçü mənasını daşıyır və Açıq Bakı Birinciliyində qonaq qismində iştirak edən aprel döyüşçüləri də qədim türk ruhuna sahib olaraq, 2016-cı ilin aprel zəfərində öz töhfələrini verdilər, torpaqlarımızın bir qisminin düşmən tapdağından azad edilməsində əsl şücaət göstərdilər. O da öz növbəsində yarış iştirakçılarına uğurlar arzulayıb.
Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Nuranə Şıxəliyeva isə öz növbəsində bildirib ki, hər bir Azərbaycan vətəndaşı bu gün müstəqil və müasir dövlətimizin qurucusu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla anır və Onun anadan olmasının 95-ci ildönümünü fəxrlə qeyd edir. “Alpaqut Federasiyasının keçirdiyi Açıq Bakı Birinciliyi də bu amili ehtiva etməkdədir”-deyə qeyd edən N.Şıxəliyeva Federasiya tərəfindən belə yarışların mütəmadi olaraq keçirildiyini və bundan sonra da uğurla davam etdiriləcəyini vuğrulayıb.
Beləliklə, dörd sistem üzrə keçirilən yarışların sonunda qaliblər diplom, medallar və kubokla mükafatlandırılıblar. Komanda hesabı ilə Abşeron rayonu birinci yer Qazax rayonu, ikinci yer, Suraxanı rayonu isə üçüncü yerləri bölüşüblər.
Qeyd edək ki, Alpaqut Federasiyasının vitse-prezidenti Nuranə Şıxəliyeva vətənpərvərlik işindəki xidmətinə görə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev tərəfindən rəhbərlik etdiyi qurumun təsis etdiyi “Vətən naminə” medalı ilə təltif olunub.
Rövşən NURƏDDİNOĞLU