Türkiyənin Antalya şəhərində keçirilmiş Avropa Şurası Parlament Assambleyası (AŞPA) Daimi Komitəsinin toplantısında Azərbaycan və Bosniya-Herseqovinada keçirilmiş parlament seçkilərində müşahidəçi olmuş millət vəkilləri hər iki ölkədə bu seçkilərin demokratik şəraitdə keçdiyini, müxalifət partiyalarının iştirakının təmin olunduğunu, səsvermə prosesində heç bir qanun pozuntusu, yaxud qarşıdurmanın olmadığını bildiriblər.
SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının seçkilərin yüksək səviyyədə təşkil olunmasında rolu xüsusi vurğulanıb.
Toplantını giriş sözü ilə açan AŞPA-nın sədri Mövlud Çavuşoğlu bildirib ki, təşkilata və onun Nazirlər Komitəsinə sədrlik edən Türkiyə Avropa Şurasında islahat prosesini tam dəstəkləyir. Bundan başqa, Ankara üçün digər prioritet məsələ Avropa İnsan Haqları Məhkəməsində aparılacaq islahatlardır.
Toplantıda sonra çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Avropa ətrafında təhlükəsizlik zonası yaradılması üçün Avropa İttifaqı və Avropa Şurası kimi mühüm təşkilatlar daha genişmiqyaslı siyasət aparmalıdırlar. Türkiyə Avropanın bir hissəsidir və hazırda Avropa təşkilatlarında mühüm rol oynayan ölkə kimi islahatlarda fəal iştirak edəcəkdir. Avropalı parlamentarilərin suallarını cavablandıran Əhməd
Davudoğlu rəsmi Ankaranın Kipr, İraq, Balkanlarla bağlı mövqeyini bildirib.