“Oliver Tvistin macəraları” Gənc Tamaşaçılar teatrında- FOTOSLAYD
13 Noyabr 2010 07:37 (UTC+04:00)
Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrı 83-cü mövsümünün ilk premyerasını sənətsevərlərin ixtiyarına verib. SİA-nın məlumatına görə, mövsümün ilk premyerası "Oliver Tvistin macəraları" tamaşası ilə olub.
Tamaşanın ikinci rejissoru Sərvər Əliyev açıqlamasında bildirib ki, Çarlz Dikkensin eyniadlı əsəri əsasında səhnələşdirilən tamaşanın hazırlıq işlərinə hələ ötən teatr mövsümündən başlanılıb: "Azərbaycanda ilk dəfədir ki, Ç. Dikkensin əsəri tamaşaya qoyulur. Bu tamaşada istədik ki, Londonun havasını və atmosferini bütövlükdə izləyicilərə çatdıra bilək. Baş rolda isə incəsənət universitetinin tələbəsi Roza İbadovadır. Bu onun böyük teatrda ilk debütüdür. Bu tamaşada ümumilikdə 34 aktyor iştirak edir".
"Tamaşanın mövzusu yetimxanada böyüyən bir uşağın taleyindən bəhs edir. Oliver Tvistin olduğu cəmiyyət elə bir yerdir ki, onu hara aparırlarsa orada böyük bəlalar verirlər. Bu tamaşanı səhnələşdirməkdə məqsədimiz müasir dövrümüzdə küçə şəraitində yaşayan uşaqların vəziyyətinin aradan qaldırılması üçündür. Rejissor bu tamaşada onu demək istəyir ki, yolda dilənən uşağa heç kim demir ki, ay uşaq artıq bəsdir dilənmə. Cəmiyyətin belə uşaqlara qarşı olan mənfi münasibəti bu tamaşada öz əksini tapıb",- deyə S. Əliyev əlavə edib.
Sərvər Əliyev onu da qeyd edib ki, əgər hər hansı bir festivala dəvət alarıqsa böyük məmnuniyyətlə qəbul edərik: "Bu tamaşa teatrın emblemasına çevrilən bir əsərdir".
Məlumat üçün bildirək ki, səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov, rejissoru Sərvər Əliyev, quruluşçu rəssamları Fuad Qafarov, Elnur Babayev, bəstəkarı Aydın Əzimov, rejissor assistenti Elnur Kərimovdur. Rəqslərin quruluşu Nicat Kazımova məxsusdur.
Qeyd edək ki, böyük aktyor heyətinin rol aldığı tamaşada xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, əməkdar artistlər Nofəl Vəliyev, Leyli Vəliyeva, İlqar Cahangirov, Nübar Novruzova, Rafiq Hüseynov, Rahib Əliyev, Lətifə Əliyeva, Ayşad Məmmədov, Seyidşah Məmmədov, Qəmər Məmmədova və başqaları iştirak ediblər.