Spiker: “İraqla Azərbaycan arasında ticari əlaqələrin səviyyəsi mövcud potensiala cavab vermir”

12 Noyabr 2010 23:56 (UTC+04:00)
Milli Məclisin sədri Oqtay Əsədov İraqın ticarət naziri Şəfaəddin Məhəmməd Əl-Safinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə SİA-ya Parlamentin mətbuat xidmətindən məlumat verilib. Spiker qonaqları səmimi salamlayaraq xalqlarımız arasında əlaqələrin qədim tarixi köklərə malik olduğunu vurğulayıb. Azərbaycan sülhməramlılarının İraqdakı antiterror əməliyyatlarında fəal iştirak etdiyini xatırladan Spikerin sözlərinə görə, biz terrordan əziyyət çəkən İraq xalqının vəziyyətini yaxşı başa düşür, burada əminamanlığın bərpası üçün lazım olan köməkliyi etməyə hazırıq.

Onun sözlərinə görə, ölkələr arasında ticari əlaqələrin səviyyəsi mövcud potensiala cavab vermir: "İnanırıq ki, imzalanan yeni saziş bu sahədə əməkdaşlığın dərinləşməsinə yeni impuls verəcək. Humanitar sahədə də münasibətlərimiz inkişaf etməkdədir. Biz Azərbaycanın, o cümlədən Şərqin görkəmli şairi Məhəmməd Füzulinin yaradıcılığı ilə bağlı tədbirin İraqda keçirilməsini yüksək dəyərləndiririk. Bu fakt ortaq mədəniyyətə sahib olmağımızın bariz nümunəsidir".

Spiker parlamentlər səviyyəsində də münasibətlərin inkişafının önəmli olduğunu söyləyib. Qeyd edilib ki, Azərbaycan parlamentində İraqın qanunvericilik orqanı ilə əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir və ümidvarıq ki, İraq parlamentində də belə bir qrup yaradılacaq. O. əsədov vurğulayıb ki, bu, təcrübə və informasiya mübadiləsi baxımından önəmlidir.

Sədr sürətlə inkişaf edən Azərbaycanın Dağlıq Qarabağ kimi problemi olduğuna diqqət çəkib. Qeyd edilib ki, nüfuzlu beynəlxalq qurumlarda İraq tərəfinin bu məsələdə Azərbaycanın mövqeyini müdafiə etməsini biz yüksək dəyərləndiririk: "İnanırıq ki, regiondakı problemlər tezliklə öz ədalətli həllini tapacaq, sülh və əminamanlıq bərqərar olacaq".

Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq Azərbaycan parlamentinə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbəsi münasibəti ilə spikeri təbrik edib. O, ümidvar olduğunu bildirib ki, hər iki ölkənin parlamentləri arasında əlaqələr yüksələn xətlə inkişaf edəcək. Görüşdə İraqın ticarət naziri Şəfaəddin Məhəmməd Əl-Safi Azərbaycanda gördüyü inkişafdan məmnun olduğunu dilə gətirərək burada keçirilən görüşlərin və aparılan danışıqların əhəmiyyətini vurğulayıb. O, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin xalqlarımız arasında münasibətlərin dərinləşməsi baxımından önəmli olduğunu söyləyib.
Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, İraqın ölkəmizdəki səfiri Heydər Şiə Əl Barrak və digər rəsmi şəxslər iştirak ediblər.