Kəbə örtuyunun toxunması zamanı nələrdən istifadə olunur?

12 Noyabr 2010 18:55 (UTC+04:00)

Məkkədə yerləşən Masnaat-ul Kişvədə Kəbənin örtüyü toxunur. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı vətəndaşı olan 70 işçinin işlədiyi fabrikdə ildə yalnız bir örtük hazırlanır. Xərci 20 milyon rial (təxminən 8 milyon lirə) olan örtük üçün 670 kiloqram saf ipək, 720 kiloqram boya istifadə edilir. Hündürlüyü 13, eni 11 metr olan daşdan tikilən Kəbəyə geyindirilən örtük 16 parçadan, Kəbə qapısının örtüyü isə 5 parçadan ibarətdir. Kəbə örtüsünün toxunması, rənglənməsi, üzərində yazıların işlənməsi və hazır vəziyyətə gətirilməsi 1 il davam edir.

 

Örtüyün üzərində yazılan ayələr və naxış üçün istifadə edilən naxış ipliyinə 120 kiloqram qızıl və gümüş qatılır. Kəbənin xarici örtüyünə qabartmalı bir şəkildə qızıl və gümüş qarışığı ipliklərdən ayələr yazılır. Hərflərin daha gözəl görünüşünü təmin etmək məqsədi ilə qızıl və gümüş hərflərin altına qabartma edilir. Saf pambıq iplikdən edilən qabartmalar ərəbcə hərflərin uzaqdan daha dəqiq oxunmasını təmin edir.

 

Beytullah yəni "Allahın evi" adlandırılan müqəddəs Kəbənin örtüyü ildə bir dəfə dəyişdirilir. Örtüyün dəyişdirilməsi isə Ərəfə günündə həyata keçirilir. Qurban bayramı ərəfəsində hacı olmağa namizəd olanların Ərəfatda olduğu vaxt həyata keçirilən örtük dəyişikliyini ancaq yerli xalq görə bilir. Bunun üçün cəmi 40 dəqiqə vaxt sərf olunur. Kranların və onlarla adamın köməyi ilə örtüyü dəyişdirilən Kəbə Ərəfatdan enən hacıların ziyarətinə hazır hala gətirilir. Kəbənin yaşıl rəngli daxili örtüyü isə təxminən 20 ildən bir dəyişdirilir.

 

"Allahın evi" adlandırılan müqəddəs Kəbə dünya coğrafiyasının ən qədim məskunlaşma mərkəzlərindən biri olaraq qəbul edilir. Bura yer üzündə tikilmiş ilk ev və ilk məbəddir. İnsanlıq tarixinin imtina edilməz məkanlarından biri olan Kəbəyə "Beytullah" deyilməsinin səbəbi yalnız Allahın qadir, qiymət və ucalığına işarə etmək üçündür. Kəbə örtüyünün hazırlandığı fabrikə bitişik Kəbə muzeyində Kəbəyə aid köhnə örtüklər, açarlar, qapılar ilə fotoşəkillər sərgilənir. Muzeydə saxlanılan Kəbə örtüyünün parçaları bu ölkəyə gələn xarici dövlət rəsmilərinə hədiyyə olunur. Dünyanın dörd bir tərəfindən gələn milyonlarla müsəlmanın ziyarət etmə imkanı əldə etdiyi Kəbə muzeyi geniş təhlükəsizlik tədbirləri ilə qorunur.

 

Kəbənin açarını saxlayan Qüreyş qəbiləsindən Abdulaziz Əl-Eşşeybi 87 yaşında vəfat edib. Xüsusi bir mərasimlə Kəbə açarı mərhumun qardaşı Abdulqadir Eşşeybiyə təhvil verilib. Kəbənin açarını saxlayan Eşşeybi ailəsinin icazəsi olmadan Kəbə açıla bilməz. Eşşeybi ailəsinin icazəsi ilə müsəlman olan xarici dövlət rəsmilərinin səfərində və ildə iki dəfə təmizlik üçün Kəbənin açılması təmin edilir.