Bakıda “AICC-2018” Hotel, Restoran, Tibb və Sağlamlıq Turizmi sərgisi keçirilib. SİA-nın məlumatına görə, tədbir “Üç Alov” qüllələrində keçirilən tədbirdən öncə, Azərbaycanın dövlət himni səsləndirilib.
AICC-in rəhbəri Güləli Bağırov sərgini açıq elan edərək bildirib ki, son illərdə Azərbaycanda turizmin inkişafının dövlət tərəfindən dəstəklənməsi və ölkəmizin dünyada tanıdılmasına böyük önəm verilir. “Ölkə ərazisindəki istirahət zonaları, yeni tikilən əyləncə və idman mərkəzləri, turizm kompleksləri bu dəstəyin bariz nümunələridir”-deyə qeyd edən Güləli Bağırov həmçinin bildirib ki, turizmin təşviqi ilə bağlı mühüm işlər görülür, islahatlar aparılır, dövlət proqramları qəbul edilir: “Ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlər, idman yarışları həm də turizmin inkişafına böyük töhfə verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu mühüm tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb. Bunun nəticəsidir ki, beynəlxalq turizm bazarına inteqrasiya ildən-ilə daha da sürətlənir”.
Güləli Bağırov “AICC-2018” Hotel, Restoran, Tibb və Sağlamlıq Turizmi sərgisi ölkəmizdə turizmin inkişafı istiqamətində görülən işlərin davamlı töhfə verəcəyinə inandığını bildirib.
Vurğulanıb ki, “AICC-2018” Hotel, Restoran, Tibb və Sağlamlıq Turizmi sərgisində 30-dan çox şirkət iştirak edir və müxtəlif turizm istiqamətləri, hava yolları və hotel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri və ən əsası, çoxdan gözlənilən tibbi və sağlamlıq turizmi sektoru da təqdim olunur.
Qeyd edək ki, sərgidə Azərbaycan, Türkiyə, Bolqarıstan, Çexiya, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand və digər ölkələr sərgidə təmsil olunublar.
Tədbirdən sonra sərgi iştirakçılarına ziyafət verilib, fəallığı ilə seçilən könüllülər, yerli və xarici şirkət nümayəndələri mükafatlandırılıblar. Eyni zamanda, ziyarətçi kimi qeydiyyatdan keçmiş şəxslərə təqdim olunan kupon vasitəsilə onlara hədiyyələr verilib.
Rövşən NURƏDDİNOĞLU