Ənənəvi müxalifət nədən parlamentə düşə bilmədi - ANALİZ

12 Noyabr 2010 05:15 (UTC+04:00)

Məlum olduğu kimi dünyanın demokratik ölkələrində seçkilərin nəticələri həm də ölkədə fəaliyyət göstərən siyasi partiyaların reytinqinin göstəricisi olur. Avropa ölkələrində seçkilərdə iştirak edən partiyalar bununla həm də özlərinin yenidən təşkili üçün bir fürsət qazanırlar.

Azərbaycandakı seçkilər isə göstərdi ki, ölkə müxalifəti xalqın etimadını tamam itirib. Seçkinin nəticələrini rəqəmlərdən sözlərə çevirsək o zaman belə bir cümlə alınır: "Cənab və xanım radikallar, bağışlayın, Azərbaycan dövlətinin taleyini sizlərə etibar edə bilmərik".

Beləliklə, 2010-cu ilin parlament seçkiləri Milli Məclisdə "radikal müxalifət" anlayışını artıq siyasətin arxivinə verib. Halbuki, bu seçkiyədək həmin düşərgənin bir neçə namizədi parlamentin iclaslarını bazara çevirməyə cəhdlər edirdi. Xalq isə belə Milli Məclis istəmədiyini açıq şəkildə söylədi. Ona görə də parlament seçkilərinin nəticələri heç kim üçün təəccüblü olmadı. Təbii ki, burada bir neçə radikal müxalifət funksionerini istisna etmək lazım gəlir.

"Parlament seçkiləri bir daha göstərdi ki, seçicilər, Azərbaycan vətəndaşları radikalizmə "yox" deyir. Müxalifətin konstruktivlikdən uzaq partiyalarının bu seçkilərdə böyük məğlubiyyətə uğramasının bir göstəricisi də budur. Radikallığı, qeyri-konstruktivliyi təbliğ edənlər, bunu təşviqatının mühüm komponenti hesab edənlər seçicilər tərəfindən boykot edildi"- bunu Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı YAP-ın rəsmi saytına açıqlamasında deyib.

Partiya yetkilisi bildirib ki, hər bir siyasətçinin siyasətdə müəyyən fəaliyyəti olur, ona da bu fəaliyyətinə görə qiymət verilir: "Həm İsa Qəmbər, həm də Əli Kərimli vaxtilə Azərbaycanda siyasi hakimiyyətdə olmuş insanlardır və onların hakimiyyəti dövründə Azərbaycanın ictimai-siyasi həyatında yalnız uğursuz, xoşagəlməyən hadisələr baş verib. Onlar yenidən siyasi hakimiyyətə can atmaqla bir növ uğursuzluqlarını yada salmağa çalışırlar. Azərbaycan cəmiyyəti isə heç nəyi unutmur, İsa Qəmbərin, Əli Kərimlinin hakimiyyətdə olduğu dövrdə Azərbaycana yaşatdıqları bəlaları yaddan çıxarmayıb".

M.Qurbanlının sözlərinə görə, xalqımız növbəti dəfə öz üzərində eksperiment aparılmasına razı deyil və razı olmayacaq. "Bəziləri deyirlər ki, biz yenidən hakimiyyətə gəlmək, siyasi hakimiyyətə təmsil olunmaq istəyirik. Siyasi hakimiyyətdə təmsil olunmaq üçün əhali arasında müəyyən nüfuza malik olmalısan. Əgər sən siyasi hakimiyyətdə təmsil olunub ölkəni bərbad vəziyyətə salmısansa, bunun acısını xalq çəkibsə, bunu heç vaxt unutmayacaq. "Günahımız yalnız məğlubiyyətimizdir" deyərək siyasi hakimiyyətdə olduğu dövrdə yol verdiyi nöqsanlardan yaxa qurtarmaq istəyənlər xalqın tənəsindən heç vaxt azad ola bilməyəcəklər. Ona görə də bu insanlara xalqın etimad göstərməməsi, səs verməməsi ilə həmin insanların özlərinin fəaliyyətinin nəticəsidir".

Politoloqun fikrincə, bu eyni zamanda, radikallığa Azərbaycan seçicisinin münasibətidir: "Real fikirlər, proqramlar ortaya qoymaqdansa, ümumi sözlərlə, qeyri-obyektiv, həqiqətə söykənməyən, populist tənqidlərlə öz təşviqatlarını qurublar. Təbii ki, bu üsulla irəli getmək mümkün deyil. Bütün bu sadalananlar isə nəticə etibarı ilə onların məğlub olmasını şərtləndirir".

Qeyd edək ki, 7 noyabr 2010-cu il parlament seçkisinin ilkin rəsmi nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyasının namizədləri 72, bitərəf namizədlər 41 mandat qazanıb. Qalan 12 yeri Vətəndaş Həmrəyliyi (3 mandat), Ana Vətən (2 mandat), Ümid (1 mandat), Bütöv Azərbaycan Xalq Cəbhəsi (1 mandat), Demokratik İslahatlar (1 mandat), Böyük Quruluş (1 mandat), Ədalət (1 mandat), Vətəndaş Birliyi (1 mandat) və Sosial Rifah (1 mandat) partiyaları qazanıb.

Göründüyü kimi, seçkilər göstərdi ki, ölkə əhalisi YAP-i özünün əsas siyasi qüvvəsi hesab etməklə yanaşı, sağlam, konstruktiv müxalifətə də önəm verir. Bu seçkilər nəticəsində Azərbaycanın bütövlükdə 10 siyasi partiyası parlamentə keçib. Azərbaycan xalqı radikal, dağıdıcı müxalifətin dövləti və ölkəni hansı duruma gətirdiyini hələ də unutmayıb və o üzdən də öz seçimində hər zaman doğru qərar qəbul edir.