Eldar İbrahimov: “Həqiqət budur ki, seçkiləri izləmək üçün ölkəmizə gələn beynəlxalq təşkilatların 99 faizi parlament seçkilərinin nəticələrini qəbul edir”-MÜNASİBƏT

11 Noyabr 2010 01:45 (UTC+04:00)

"Builki parlament seçkilərinin əvvəlki illərə nisbətən daha sabit keçməsi insanların demokratik, şəffaf şəraitdə səs verdiklərini söyləməyə əsas verir". Bu sözləri Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan seçicisi kimi istəyibsə, ona da səs verib. Seçki zamanı heç bir təzyiqin olmadığını dilə gətirən E.İbrahimov xatırladıb ki, ötən seçkilərdə bir çox dairələrdən müəyən məntəqələrin nəticələri ləğv olunmuşdusa, bu il 125 dairənin yalnız 3 dairəsində 3 məntəqənin nəticəsi ləğv olunub.

Bunu seçki prosesində irəliyə atılan ən böyük addımlardan biri kimi qiymətləndirən E.İbrahimov vurğulayıb ki, beş il bundan əvvəlki seçki ilə builki seçki arasında həm müşahidəçilərin sayında, həm də ümumiyyətlə nəzarətdə böyük fərqlər var: "Parlament seçkilərində insanların öz arzu və fikirlərini ifadə etməsi hər çür şərait yaradıldı, insanlar da öz istədiklərini seçdilər. Naxçıvanda da seçkilər əsl demokratik şəkildə keçirildi. Naxçıvan seçki dairəsində 43 min seçicinin 23582 nəfəri mənə etimad göstərib. Bunun özü çox böyük rəqəmdir. Bununla mən qurur duyuram, öz seçicilərimə minnətdarlığımı bildirirəm"

ABŞ Dövlət Departamentinin Azərbaycanda keçirilən seçkilərlə əlaqədar əks bəyənat verməsinə də toxunan millət vəkili bildirib ki, onların bəyanatı Azərbaycanda keçirilən seçkilərə heç bir təsir göstərə bilməz: "Ona görə ki, Azərbaycan xalqı öz fikrini düzgün ifadə edib və seçimini edib. Burada əsas Azərbaycan xalqıdır. Xalqımız da öz iradəsini ifadə edərək Azərbaycanın layiqli oğullarına səs verib. Buna heç kəs qara yaxa bilməz. Həqiqət budur ki, seçkiləri izləmək üçün ölkəmizə gələn beynəlxalq təşkilatların 99 faizi Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələrini qəbul edir, ölkədə gedən inkişafı, seçki texnologiyasını bəyənirlər. Təbii ki, ideal seçki yoxdur. Bizdə də ideal deyil".