Azərbaycanın ədliyyə naziri Çin Xalq Respublikasının baş prokuroru ilə görüşüb

11 Noyabr 2010 00:53 (UTC+04:00)

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə nazirliyin və Baş Prokurorluğunun məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Çin Xalq Respublikasında keçirilən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının 4-cü illik konfransı və ümumi yığıncağında iştirak ediblər. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbir beynəlxalq əməkdaşlığa, hüquqi yardımın səmərəliliyinin artırılmasına, cinayətkarların ekstradisiyasına həsr olunub.

 

Tədbirdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov antikorrupsiya sahəsində beynəlxalq əməkdaşlığın, onun səmərəliyinin artırılması ilə bağlı bir sıra təkliflər irəli sürüb. Tədbir iştirakçılarına Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının 20 faizinin ermənilər tərəfindən işğal olunması və ölkədə korrupsiya ilə mübarizə sahəsində müsbət praktika barədə məlumat verilib.

 

Konfransda Azərbaycan təcrübəsinə dəfələrlə istinad olunub. Toplantıda Fikrət Məmmədov qurumun vitse-prezidenti seçilib. Forumun yekununda korrupsiyaya qarşı əhatəli tədbirlərə dair bəyannamə qəbul olunub. Çinin baş prokuroru, assosiasiyanın yeni prezidenti Çao Cianminqin Azərbaycanın nümayəndə heyəti ilə görüş keçirib.