Azərbaycan Respublikasının Latviya Respublikasına yeni təyin olunmuş səfiri Elman Zeynalov noyabrın 9-da etimadnaməsini bu ölkənin prezidenti Valdis Zatlersə təqdim edib.
SİA-nın məlumatına görə, Prezident Valdis Zatlers ölkələrimiz arasındakı münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə etmiş, Azərbaycanın Latviyaya dost ölkə olduğunu vurğulamış, əlaqələrimizin hər il yeni səviyyəyə qalxmasını yüksək qiymətləndirib. O deyib ki, hər iki dövlət arasında əməkdaşlığı daha da genişlındirmək üçün geniş imkanlar vardır.
Azərbaycan diasporunun Latviyanın ictimai və siyasi həyatında əhəmiyyətli rolundan danışan Prezident ölkəsində milli azlıqların fəaliyyəti və milli mədəni xüsusiyyətlərini qoruyub saxlamaları üçün bütün zəruri işlərin görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, Latviya Azərbaycanlılarının "Ocaq" Mədəniyyət Mərkəzinin sədri R.Əliyev Latviya Prezidenti yanında Milli Azlıqlar üzrə Komissiyanın üzvüdür.
Latviyanın dövlət başçısı səfir Elman Zeynalova diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Etimadnaməsini Prezidentə təqdim etməkdən məmnun qaldığını vurğulayan səfir E.Zeynalov Azərbaycan ilə Latviya arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün əsaslı zəminin olduğunu vurğulamış, əməkdaşlığımızın bundan sonra da genişlənməsi yolunda əlindən gələni əsirgəməyəcəyini bildirib.
Səfir öz növbəsində Azərbaycan diasporunun fəaliyyəti üçün yaradılmış əlverişli şəraitə görə minnətdarlığını bildirmiş, bu ölkədə yaşayan azərbaycanlıların fəaliyyətlərini Latviyanın milli ənənələrinə və şəraitinə uyğun olaraq qurduqlarını bildirib.