“Azərbaycan: dövlət rəmzləri və atributları”

9 Noyabr 2010 00:52 (UTC+04:00)

Azərbaycan Respublikasının dövlət bayramları sırasına daha bir əlamətdar gün – 9 noyabr Dövlət Bayrağı Günü daxil olub. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının bayrağı, gerbi, himni və digər atributları Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir.

Xalqımızın maddi, mənəvi və bədii mədəniyyətinin zənginliyini, rəngarəngliyini ifadə edən rəmzlər və atributlar nəsillərdən nəsillərə keçərək günümüzədək gəlib çatıb. Dövlətçilik tariximizdə və ənənələrimizdə iz buraxan atributlar və fərqləndirici əlamətlər sonradan müəyyən formada rəmzlərimizdə öz əksini tapıb.

Tarixi mənbələr, maddi mədəniyyət və memarlıq abidələri, incəsənət əsərləri sübut edir ki, keçmişdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin müxtəlif rəmzləri, həndəsi və nəbati ornamentlərdən, quş və heyvan təsvirlərindən ibarət nişan və emblemləri, üzərində ərəb hərfləri ilə yazılmış möhürləri və tuğraları olub.

Belə rəmzlər Azərbaycanda müstəqil və yarımmüstəqil kiçik dövlət qurumları sayılan xanlıqlar dövründə də geniş yayılıb. XIX əsrdə Azərbaycanda Rusiya imperiyasının hökmranlığı zamanı Bakı, Gəncə, Şamaxı, Quba, Dərbənd, Şuşa, Lənkəran, Naxçıvan, İrəvan və digər Azərbaycan şəhərlərinin gerbləri təsdiq olunmuş və bunlar maddi mədəniyyət abidələrində, rəsmi sənədlərdə müəyyən iz qoyublar.

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra dövlət rəmzlərinin – bayraq, gerb və himnin hazırlanması istiqamətində konkret tədbirlər həyata keçirilib. Üçrəngli dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən sonra Azərbaycanda bu bayraqdan imtina edilib. Üçrəngli bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevral ayının 5-də Azərbaycan SSR Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmiş, onun Əsasnaməsini təsdiq edib.

Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalayıb. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olub. Bu il noyabr ayının 9-u ölkəmizdə ilk dəfə olaraq Dövlət Bayrağı Günü dövlət bayramı kimi qeyd olunur.

Azərbaycanın dövlət gerbinin və milli himninin hazırlanması haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin və himnin həmin ilin mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarıb. Bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edilib. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini və gerbini qəbul etməyə imkan verməyib. Nəhayət, 27 may 1992-ci ildə Dövlət himni və 19 yanvar 1993-cü ildə Dövlət gerbi haqqında Azərbaycan Respublikasının qanunları qəbul edilib.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə onun möhürü və bir çox medallarının eskizləri də işlənilib hazırlanmış, milli pul vahidləri dövriyyəyə buraxılıb. Azərbaycan Sovet Sosialist Respublikası 1922-ci ildə SSRİ-nin tərkibinə daxil olduqdan sonra dövlət atributlarının bir qismindən məhrum olsa da, müəyyən dövrdən sonra dövlət bayrağına, dövlət gerbinə və dövlət himninə malik olub. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyinə qovuşduqdan sonra dövlət rəmzləri ilə yanaşı digər atributlar da bir-birinin ardınca bərpa edilib.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları tərəfindən hazırlanıb ötən ilin oktyabrında istifadəçilərə təqdim edilən "Azərbaycan: dövlət rəmzləri və atributları" elektron nəşrinin rus və ingilis dillərində versiyaları hazırlanıb Dövlət Bayrağı Günü ərəfəsində istifadəçilərin ixtiyarına verilib. Elektron nəşrin Azərbaycan dilində variantı isə yenidən işlənilmiş, əlavə faktlarla və sənədlərlə xeyli dərəcədə zənginləşdirilib. Elektron nəşrdə müstəqil Azərbaycanın dövlət rəmzlərinin (bayraq, gerb, himn) və atributlarının yaranmasının tarixçəsi sistem halında izlənilir və milli rəmzlərin bərpası istiqamətində atılan addımlar ardıcıllıqla sadalanır.

Üç fəsildən – "Rəmzlər", "Atributlar" və "Elektron resurslar" fəsillərindən ibarət olan elektron nəşrdə dövlət rəmzləri və atributları haqqında tarixi sənədlər, qərarlar, qanunlar, fərmanlar, sərəncamlar və müxtəlif materiallar toplanaraq xronoloji ardıcıllıqla verilir. Elektron nəşrdə Azərbaycanın xanlıqlar dövrünün Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan bayraqları, çar Rusiyası dövründə Azərbaycanda mövcud olmuş quberniyaların və şəhərlərin gerbləri, Sovet hakimiyyəti illərində mövcud olmuş Azərbaycan SSR-in dövlət rəmzləri və atributları haqqında materiallar toplanıb.

Elektron nəşrin "Rəmzlər" fəslində Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni haqqında materiallar xronoloji ardıcıllıqla verilmişdir. Hər bir bölmədə ümumi məlumatla yanaşı, rəmzin tarixi haqqında materiallar və rəsmi sənədlər öz əksini tapıb.

Elektron nəşrin "Atributlar" fəslində Azərbaycanın digər dövlətçilik atributları –Azərbaycan dili, din, pul, paytaxt, orden və medallar haqqında tarixi arayışlar və sənədlər, habelə, dövlət qurumlarının emblemləri haqqında materiallar öz əksini tapıb.

Dövlət atributu kimi "Konstitusiya" bölməsində istifadəçilər dövlət müstəqilliyi haqqında bəyannamələrlə (1918, 1991) yanaşı, indiyədək qəbul edilmiş Konstitusiyaların (1921, 1927, 1937, 1978, 1995) tam mətnləri ilə də tanış ola biləcəklər. Hər bir bölmənin sonunda istifadə edilmiş ədəbiyyatın biblioqrafiyası verilib. Bazanın "Elektron resurslar" bölməsi də yenilənib. Prezident Kitabxanasının fondunda saxlanılan dövlət rəmzləri və atributlarına aid kitabların və dövri mətbuat materiallarının elektron versiyası, habelə dövlət rəmzləri və atributlarına dair materialları özündə əks etdirən saytlar istifadəçilərə təqdim edilir. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Bayrağına, Gerbinə və Himninə hörmət ruhunda tərbiyə edilməsi onlarda vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə xidmət edir.

Elektron nəşrin rus və ingilis dillərində versiyalarının hazırlanması dövlət rəmzlərimizin təbliği imkanlarını daha da genişləndirir. Kitabxananın www.preslib.az saytında yerləşdirilən və geniş oxucu kütləsi üçün nəzərdə tutulan elektron nəşr müntəzəm olaraq yenilənir.