Türkiyəli deputat: “Baş verən heç bir hadisə Türkiyə-Azərbaycan arasında olan münasibətlərə mənfi təsir edə bilməz” - ÖZƏL

8 Noyabr 2010 21:59 (UTC+04:00)
"Bunu əminliklə deyə bilərəm ki, Türkiyə əvvəlki Türkiyə deyil". Bu sözləri, Türkiyə Azərbaycan parlamentlərarası dostluq missiyasının rəhbəri, türkiyəli deputat Mustafa Kabakçı SİA-ya verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, Türkiyə yeritdiyi siyasət sayəsində dünyada müstəqil fəaliyyət göstərə bilər.

"Təbii ki, Türkiyə dünyanın yanaşmasını nəzərə almadan hərəkət edə bilməz. Amma müqayisə üçün deyə bilərəm ki, Amerikadakı dəyişikliklər Türkiyəyə əvvəlki qədər təsir etmək gücünə malik deyil. Çünki artıq Türkiyə bütün bölgələrdəki siyasətini və gələcəyini özü müəyyənləşdirir. Düzdür biz Amerikada gedən müzakirələrə diqqət edirik. Amma danılmaz həqiqətdir ki, bizim Azərbaycanla olan münasibətlərimiz bizim gələcəyimizi təyin edir",- deyə M.Kabakçı bildirib.

Azərbaycanın sıradan bir ölkə deyil, qardaş ölkə olduğunu dilə gətirən deputat vurğulayıb ki, biz bu qardaşlığı bütün ruhumuzla hiss edirik. Onun sözlərinə görə Türkiyə Azərbaycanla olan münasibətlərinə xələl gəlməməsi üçün əlindən gələni edir.

"Baş verən heç bir hadisə Türkiyə-Azərbaycan arasında olan münasibətlərə mənfi təsir edə bilməz", - deyə o əlavə edib.