15 saylı Yasamal I Seçki Dairəsində 31 məntəqə üzrə 8 535 nəfər səs verib

7 Noyabr 2010 22:45 (UTC+04:00)
15 saylı Yasamal I Seçki Dairəsində 31 daimi məntəqə fəaliyyət göstərir, məntəqələrdən 2-si isə N saylı hərbi hissənin tərkibində yerləşir. DSK-nın katibi Aygün Yusifovanın SİA-ya verdiyi xəbərə görə, saat 12:00-dək 31 məntəqə üzrə 40 624 seçicinin 8 535 nəfəri səs verib ki, bu da seçicilərin 21%-ni təşkil edir. O bildirib ki, məntəqələrdə hələlik heç bir neqativ hallara rast gəlinməyib və bununla bağlı DSK-ya hər hansı bir müraciət daxil olmayıb: "Eyni zamanda, məntəqələri yerli müşahidəçilərlə yanaşı, Azərbaycana ezam olunmuş beynəlxalq müşahidəçilər də izləyir. Onlar tərəfindən də DSK-ya neqativ halların baş verməsi ilə bağlı heç bir müraciət daxil olmayıb".

15 saylı Yasamal I seçki dairəsinin 13 saylı seçki məntəqəsinin sədri Cəmil Dadaşovun SİA-ya verdiyi xəbərə görə, səsvermə zamanı heç bir qanun pozuntusu aşkarlanmayıb. Səsvermə prosesinin normal keçdiyini deyən məntəqə sədri bildirib ki, bu məntəqə qeydiyyatda olan 1160 seçicidən 120 nəfəri səs verib: "Hər məntəqədə səsvermənin gedişini YAP, müxalifət blokları və bitərəflər tərəfindən izlənilir. Məntəqədə exit-poll fəaliyyət göstərsə də burada polis əməkdaşları yoxdur".