Ermənistan ictimaiyyətinin fikirləri bədbindir
Serj Sarkisyanın prezidentlik postunu tərk etməsinin ardınca, Ermənistanın ictimai-siyasi dairələrində onun baş nazir vəzifəsinə təyin oulnması ətrafında təbliğata başlanılıb. Belə ki, baş nazir vəzifəsini müvəqqəti icra edən Karen Karapetyan artıq həmin istiqamətdə müsahibə verərək deyib ki, onların əsas məqsədlərindən biri Serj Sarkisyanı ölkənin birinci şəxsi kimi təqdim etməkdir. Əslində, Ermənistanın parlament idarəçiliyinə keçməsi özü-özlüyündə Serj Sarkisyanın bütün rıçaqları əlində saxlayacağı anonsunu verirdi. Lakin hazırda ölkədə narazılar toplumu da fəaliyyət göstərir ki, onlar son 10 illik fəaliyyəti dövrü Serj Sarkisyanın Ermənistanı uçuruma apardığını, məhvə sürüklədiyini deyirlər.
Armen Darbinyan parlament idarəçiliyi sisteminin Ermənistan üçün optimal olmadığını deyir
SİA xəbər verir ki, 1in.am saytına həmin mövzuda bir çox ekspertlər açıqlamalar, müsahibələr verərək, Sarkisyanın ölkə və xalq üçün heç bir müsbət iş görmədiyini deyirlər. Misal üçün, Ermənistanın sabiq baş naziri Armen Darbinyana görə, əgər Serj Sarkisyan baş nazir olarsa, cəmiyyət ona öz tələblərini bildirməlidir.
Darbinyan eyni zamanda prezident idarəçiliyinin tərəfdarı olduğunu deyərək, parlament sisteminin Ermənistan üçün optimal olmadığını bildirib.
Lakin Darbinyanla yanaşı, Ermənistan ictmaiyyətinin digər sahələrində fəaliyyət göstərən ictimai-siyasi fəalları, müxtəlif sahələrdə çalışan ekspertlər də kəskin fikirlərini bildirməkdə davam edirlər.
Lena Nazaryan: “Biz, öz siyasi ideyalarımızın reallaşmasına qədər apatiya ilə mübarizəmizi aparmaqda israrlıyıq”
Ermənistan parlamentinin “Yelk” fraksiyasının deputatı Lena Nazaryan isə artıq inqilabın yetişməsi barədə “lragir.am” saytına verdiyi müsahibəsində deyib. O, ölkə ictimaiyyəti tərəfindən etirazçı kütlənin səsinin eşidiləcəyinə qədər mübarizə aparacaqlarını deyib. “Biz, öz siyasi ideyalarımızın reallaşmasına qədər apatiya ilə mübarizəmizi aparmaqda israrlıyıq”.
Erməni deputatı yürüşə hazırlaşdıqlarını və “Merjir Serjun” (“Serji devir”) vətəndaş təşəbbüsü ilə razılığa gəldiklərini də bildirib və geriyə çəkilməyəcəklərini vurğulayıb. Nazaryan Serj Sarkisyanın baş nazir postuna sahib olacağına şübhə etmədiyini, ancaq bu siyasətə qarşı barışmaz mövqedə dayanacaqlarını, mövcud idarəçiliklə daha sərt mübarizə aparacaqlarını deyib.
Erməni demoqraf Artaq Markosyan: “Ermənistan yaşlı nəsil həddinə çatıb, təxminən 14-15 faiz...”
Ermənistanın demoqrafı Artak Markosyan isə Serj Sarkisyanın Ermənistan əhalisinin sayının 4 milyona (?!-R.R.) çatdırılacağını, ümumiyyətlə, “Ermənistanın inkişafı strategiyası 2030” pafoslu proqramı ətrafında verdiyi vədlərinin real olmadığını bildirib. Qeyd edək ki, sözügedən “proqramda” bir neçə yüz minlik iş yerlərinin açılması, yüksək maaşlar, yoxsulluğun və gənclər arasında işsizliyin aradan qaldırılması kimi utopiyalı fikirlər yer alıb. Erməni demoqrafa görə, Serj Sarkisyan bugünə qədər bir dəfə də olsa, demoqrafik vəziyyət barədə maraqlanmayıb, onun yaxşılaşdırılması istiqamətində iş aparmayıb. Artak Markosyan həmçinin bildirib ki, ölkədə doğum sayı çox azdır və hakimiyyət bu sayı mexaniki olaraq, artıra bilməz. SİTAT: “Hazırda nikahda 90-cı illərin nəslidir, əgər biz 2030-2040-cı illərdən danışırsaq, həmin vaxt 2000-2010-cu illərdə doğlumuşlar nikah həyatı yaşayacaqlar. Fakt isə budur ki, biz, 2016-cı illə müqayisədə 2017-ci ildəki doğum sayının 7% endiyini görürük. Bir nömrəli faktor isə gənclərin get-gedə nikaha girməkdən yayınmasıdır...”
Demoqraf fikirlərini həm də belə izah edib ki, ölkədə sosial-iqtisadi vəziyyət yaxşı deyil, gənc insanlar çox azdır, məhz doğum sayının 7%- azalması da ciddi siqnaldır: “Əgər belə davam edərsə, 2025-ci ildə doğum sayı daha da azalacaq, 50-60-cı illərdə anadan olmuş insanlar pensiya yaşına çatacaqlar, bu isə yaşlı insanların sayının artması ilə nəticəsini tapacaq və bu hal doğum sayının azalması ilə yanaşı davam edərsə, dörd milyonluq əhali barədə danışmaq real təsir bağışlamaz. 2025-ci ildə də həmin vəziyyət davam edəcəksə, əlbəttə ki, hər şey mənfiyə doğru istiqamət alacaq. Əgər mühacirətlərin arası kəsilməzsə, bu da əhalinin sayının azalması ilə nəticələnəcək. Beləliklə, yaşlıların sayı artacaq, doğum sayı isə azalacaq və bizdə disbalans yaranacaq. Ermənistan yaşlı nəsil həddinə çatıb, təxminən 14-15 faiz...”
Beləliklə, erməni demoqraf bu kimi məsələlərin arxasında bilavasitə Serj Sarkisyanın apardığı yanlış sosial-iqtisadi və s. siyasətlərinin dayandığını bildirib. Əgər Sarkisyanın baş nazirlik postu təmin olunarsa, demək ki, Ermənistanı qarşıda daha acı günlər gözlədiyini əminliklə deyə bilərik.
Rövşən RƏSULOV