Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası başa çatıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, kampaniya çərçivəsində sonuncu görüş rayonun Qalağayın kəndində Qalağayın və Balakənd seçiciləri ilə keçirilib.
Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı əzəmətli nailiyyətlər barədə məlumat verib. Onun sözlərinə görə, bu 15 il iqtisadi dirçəliş və sabitliklə xarakterizə olunmaqla, Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb. M.Ağayeva 11 aprel seçkilərində seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə YAP Mərkəzi Seçki Qərərgahının Sabirabad rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü Böyükağa Həmidov çıxış edərək prezident seçkilərinin Azərbaycanın demokratik inkişafı baxımından əhəmiyyəti barədə danışıb, həmçinin, YAP-ın namizədi, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevin misilsiz fəaliyyəti haqqında geniş məlumat verib.
Görüşdə çıxış edən Salamulla Abdullayev, Afiq Ağayev, Telman Qurbanov və başqaları sabirabadlıları Azərbaycan dövlətinin daha da inkişafı, xalqımızın rifahının daha da yüksəlməsi və dövlətimizin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi üçün cənab İlham Əliyevə səs verməyə çağırıblar.
İqbal Mikayılov