Qaxlılar YAP-ın namizədinə səs verəcəklər

9 Aprel 2018 18:18 (UTC+04:00)

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Növbəti görüş bu gün rayonun Ləkit, Zərnə, Ləkit-Kötüklü, Zəyəm, Lələli, Qındırğa kəndlərinin seçiciləri ilə keçirilib.

Görüşlərdə Milli Məclisin deputatı Azər Kərimli, YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Qax rayon şöbəsinin sədri Nizami Əhmədov qeyd edib ki, bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün yolla uğurla irəliləyərək ən yüksək zirvələri fəth edir və bu gün əldə etdiyi uğurları ilə dünyanın diqqətindədir. Bu uğurlar Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində, daha da artmaqdadır.

Seçicilər qarşısında çıxış edən Milli Məclisin deputatı Azər Kərimli vurğulayıb ki, Azərbaycan bu gün hər sahədə inkişaf, tərəqqi dövrünü yaşayır. İqtisadiyyatın aynası olan dövlət büdcəsi ildən-ilə artır. Əhəmiyyətli sosial proqramlar həyata keçirilir. Hər sahə üzrə konkret proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi və uğurlu icrası ölkənin hərtərəfli inkişafını sürətləndirir.

Heç kimə sirr deyil ki, xalq bir daha Prezident İlham Əliyevlə, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası ilə bir olduğunu nümayiş etdirərək 11 apreldə öz gələcəyinə səs verəcəkdir. Bu günümüzün uğurları fonunda bir daha qətiyyətlə deyirik ki, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin bu seçkilərdə də qələbəsi şəksizdir.

Söz alan kənd sakinlərindən Oruc Orucov, Tamella İsmayılova, Ülfət Surxayev, Müslüm Abdurahmanlı, Musa Ərəbov və başqaları qeyd etdilər ki, 11 apreldə bütün azərbaycan xalqı kimi bizim də yekdil qərarımız İlham Əliyevdir. Səsimizi alternativsiz namizədimiz İlham Əliyevə verəcəyik.