Lənkəranda "İlhamla irəli" şüarı ilə zirvə görüşü keçirilib FOTOLAR - VİDEO

9 Aprel 2018 10:28 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahı tərəfindən aparılan təbliğat-təşviqat kampaniyası çərçivəsində Lənkəran şəhərində seçicilərlə zirvə görüşü - konsert-mitinq keçirilib. SİA-nın verdiyi məlumata görə, zirvə görüşündə 30 mindən çox lənkəranlı seçici iştirak edib. Tədbirə gələn seçicilər qonaqları sürəkli alqışlarla, “İlhamla irəli” şüarı ilə qarşılayıblar.

Zirvə görüşündə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahının Lənkəran rayon şöbəsinin sədri Möhübbət Babayev çıxış edərək Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 il ərzində əldə olunan böyük nailiyyətlərdən, uğurlardan danışıb: "Ötən dövrdə Azərbaycanın hər yerində olduğu kimi Lənkəran rayonu da sürətlə inkişaf edib, rayonun siması dəyişib, əhalisinin sosial-maddi imkanları xeyli yaxşılaşıb. 2003-2018-ci illərdə Lənkəranda 14907-si daimi olmaqla, 16706 yeni iş yeri açılıb. Keçən il açılmış yeni iş yerlərinin sayı 1641 olub. Onların da hamısı daimidir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Lənkəranda rayonunda sosial-iqtisadi inkişaf ilbəil sürətlənib, yeni sənaye müəssisələri, məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri tikilib istifadəyə verilib, əsaslı təmir olunub. Kənd təsərrüfatında böyük nailiyyətlər qazanılıb, məhsul istehsalı çoxalıb, maaş və müavinətlər dəfələrlə artıb, yaşayış səviyyəsi durmadan yüksəlib. Bütün bunlar sizlərin gözləri önündə baş verib. Ona görə də sizi 11 aprel prezident seçkiləri günü bir nəfər kimi seçki məntəqələrinə gedib Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıram".

Zirvə görüşündə Milli Məclisin deputatlarından Hadi Rəcəbli, Cavanşir Paşazadə, Rüfət Quliyev, YAP Siyasi Şurasının üzvü Elmar Qasımov, professor Mustafa Babanlı, “Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyev çıxış ediblər. Natiqlər Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı cənab İlham Əliyevin prezidentliyi dövründə Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna sadiq qalması, bu siyasi kursun müasir dövrün tələblərinə uyğun formada həyata keçirilməsi və bunun da nəticəsində müstəqil Azərbaycanın regionun ən güclü dövlətinə çevrilməsi, eyni zamanda ölkəmizdə həyata keçirilən misilsiz abadlıq, quruculuq işlərindən və infrastruktur layihələrindən söz açıblar.

Zirvə görüşünə qatılan lənkəranlı seçicilər cənab İlham Əliyevin ünvanına sürəkli alqış və şüarlar səsləndiriblər.

Zirvə görüşündə respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub.