Qaradağlılar İlhamlı sabaha səs verəcəklər FOTOLAR

8 Aprel 2018 15:46 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Sahil qəsəbəsində seçicilərlə görüş keçirib.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək cənab İlham Əliyevin zəngin həyat yolundan, onun Azərbaycan dövlətinin inkişafı üçün həyata keçirdiyi uğurlu siyasətdən, həmçinin rayonda gedən abadlıq-quruculuq işlərindən danışıb. A.Hüseynov qeyd edib ki, cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün Azərbaycan dünyanın ən sabit, inkişaf edən və insanların təhlükəsiz yaşadığı ölkələrdən birinə çevrilib.

Seçicilərlə görüşdə iştirak edən “İrəli” ictimayi birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək qeyd edib ki, 15 il ərzində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib və yeniləşib. Bu dövrdə əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib və bu yüksəlişi hər bir vətəndaş öz həyatında hiss etməkdədir. Bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətinin nəticəsidir. Ona görə də biz yenə də “İlhamla irəli!” deyərək cənab İlham Əliyevə səs verməliyik.

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qaradağ rayon şöbəsinin təbliğat qrupunun üzvləri Nazim Hüseynov, Hacı İbrahimov, Nəriman Qurbanov, Sabir Ələkbərov, Hicran Xəlilova və qəsəbə sakini Əlzamin Məmmədov çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin ölkəmizdə bütün sahələrə göstərdiyi diqqət və qayğını yaxından hiss etdiklərini, həyata keçirilən layihələri yüksək qiymətləndirdiklərini qeyd ediblər. Bildiriblər ki, Azərbaycanın daha da güclü dövlətə çevrilməsi, gələcəkdə ölkəmizin davamlı inkişafı naminə məhz İlham Əliyevə səs verəcəklər. Bunun üçün də 11 aprel tarixini səbrsizliklə gözlədiklərini və həmin gün böyük çoşqu ilə seçki məntəqələrinə gedərək öz seçimlərini təsdiqləyəcəklərini bəyan ediblər.