"Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir". SİA-nın sechki-2018.az saytına istinadən verdiyi xəbərə görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev deyib.
R.Rzayev qeyd edib ki, 800-dən çox beynəlxalq müşahidəçinin qeydiyyatdan keçməsi Azərbaycandakı seçkilərə olan marağın göstəricisidir: "Azərbaycan seçkiləri tam demokratik və şəffaf keçirmək niyyətindədir. Buna görə də bütün maraqlı təşkilatlar və ölkələrdən müşahidəçilər dəvət olunub. Seçkini nə qədər çox beynəlxalq müşahidəçi izləsə, bizim üçün bir o qədər yaxşıdır. Çünki Azərbaycan dünyaya açıq ölkədir və seçkiləri beynəlxalq normalara uyğun keçirir. Beynəlxalq müşahidəçilər Azərbaycandakı ədalətli seçki mühitinin şahidi olacaqlar".
Milli Məclisin deputatı aprelin 11-də bütün seçicilərin öz hüququndan sərbəst şəkildə istifadə edəcəklərinə, azad seçki prosesinin keçiriləcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, prezident seçkilərini izləmək üçün 871 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) akkreditasiyadan keçib.