Zaqatala seçiciləri firavanlığa və sabitliyə səs verəcəklər

7 Aprel 2018 19:21 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Zaqatala rayon şöbəsi Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Mazıx və Üçüncü Tala kənd seçiciləri ilə görüş keçirilib. Görüşdə 200 nəfər seçici iştirak edib.

Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Zaqatala rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Habil Qurbanov qeyd edib ki, bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu, qətiyyətli siyasət, makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksəlməsinə səbəb olub. Rayon təşkilatının sədri Cənab İlham Əliyevin növbəti illərdə də Azərbaycana rəhbərlik etməsi ilə inkişaf və tərəqqimizin daha da artacağını, ölkəmizin daha yüksək qələbələrə imza atacağını nəzərə çatdıraraq, seçiciləri partiyanın namizədinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində, Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək. Millət vəkili seçiciləri davamlı inkişafa, uğurlu gələcəyə - İlham Əliyev siyasətinə səs verməyə çağırıb.

Tədbirdə çıxış edən təbliğat qrupunun üzvləri Əsgər Məmmədov, Gülnigar Məmmədova, Kəmalə Əhmədova, Xanım İsayeva, Namidə Süleymanova son illərdə Cənab İlham Əliyevin məharətli idarəçiliyi ilə həyatımızın bütün sahələrində qazanılan uğurları qeyd edərək, bütün bunların 11 aprel seçkilərində YAP-ın möhtəşəm qələbəsinə tam zəmin yaratdığını diqqətə çəkib, partiyanın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Zümrüd BAYRAMOVA