Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Kürdəmir rayonunda uğurla davam edir. Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat–təşviqat kampaniyası çərçivəsində növbəti görüşlər rayonun Sığırlı, Muğanlı, Xınıslı, Xəlsə, Beyi kəndlərində, Karrar qəsəbədə və Şirvan Qışlaqlarının Su Təminatı İdarəsinin kollektivi ilə keçirilmişdir. Görüşlərdə rayon təbliğat- təşviqat qrupunun üzvləri iştirak etmişlər.
Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Ağali Kərimli qeyd edib ki, Azərbaycan dövləti və xalqı, o cümlədən Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərinə böyük uğurlarla gedir. Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq zəngin demokratik seçki ənənələrinə malikdir. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu böyük uğurla həyata keçirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 il parlaq nailiyyətlər və möhtəşəm inkişaf göstəriciləri ilə xarakterizə olunur. Ölkəmizdə güclü ictimai-siyasi sabitlik mövcuddur və vətəndaş həmrəyliyi var. Ötən müddətdə rayonumuzda geniş quruculuq-abadlıq işləri həyata keçirilib, kənd və qəsəbələrə yollar çəkilib, qaz və işıqla təminat ən yüksək səviyyəyə çatıb, içməli su problemi müsbət həllini tapıb. Ağali Kərimli rayon sakinlərini aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri cənab İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıb.
Təbliğat qrupunun üzvlərindən Sabir Novruzov, Yaqut Əşrəfova, Samir Nuriyev çıxış edərək bildirdilər ki, ötən 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib, yeniləşib. Bunu bu müddət ərzindəki statistik rəqəmlər təsdiqləyir. Bu dövrdə əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib və bu yüksəlişi hər bir vətəndaş öz həyatında hiss etməkdədir. Bütün bunlar Prezident İlham Əliyevin siyasətinin nəticəsidir. Natiqlər cənab İlham Əliyevin prezident seçkilərində ən real namizəd olduğunu bildiriblər. Ölkəmizdə iqtisadi inkişaf sürətli və davamlıdır.Bu siyasətin davamlı olması üçün yenə də cənab İlham Əliyevə səs verməliyik. Kürdəmir seçiciləri aprelin 11-də cənab İlham Əliyevə yekdilliklə səs verəcəklər.
Seçicilərdən Nazim Əliyev, Asim Əliyev, Mahir Heydərov, Rafiq Tağıyev, Maya Gülmalıyeva, Rövşən Məmmədov, Cəmşid Cəfərov çıxış edərək vurğulayırlar ki, Ümummilli Liderimizin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bizlər hamılıqla 11 aprel tarixində seçki məntəqələrinə gələrək tərəddüd etmədən, mütəşəkkil qaydada cənab İlham Əliyevə səs verərək davamlı inkişafımızı dəstəkləmiş olacağıq.