Qəbələ rayonu "İlhamla irəli" deyir

6 Aprel 2018 20:31 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatı bu ilin 11 aprel tarixində keçiriləcək prezident seçkilərinə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Dünən Qəbələ rayonunun Nic qəsəbəsində və Nohurqışlaq kəndinin seçiciləri ilə növbəti görüş keçirildi.

Hər iki görüşü giriş sözü ilə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov açaraq, qarşıdakı prezident seçkilərinin şəffaf və demokratik keçirilməsi məqsədilə hazırlıqla bağlı məlumat verdi.

Tədbirdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qəbələ rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü Qüdrət Səmədov çıxış edərək, Cənab İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafında böyük rolu, diqqət və qayğısını xüsusi vurğulayıb, Onun seçki proqramı barədə ətraflı məlumat verib. O, seçiciləri 11 aprel 2018-ci ildə keçiriləcək seçkilərdə Ulu Öndər Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov prezidentliyə namizəd Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 15 il ərzində bütün sahələrdə dinamik inkişafa nail olunduğunu söylədi. Ermənistanın çox ağır iqtisadi-siyasi vəziyyətindən danışaraq, Azərbaycandakı uğurlu islahatlar və ordu quruculuğundakı yüksək nailiyyətlər haqqında ətraflı məlumat verdi. Millət vəkili dövlət başçısının siyasi iradəsi ilə işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına əminliyini ifadə edərək, bütün seçiciləri Cənab İlham Əliyevə səs verməyə çağırdı.

Görüşdə çıxış edən bir qrup seçici - Frans Vartanov, Rövşən Balayev, Venera Antonova, Emil Zəki, Robert Mobili, Əvəz Əhmədov,Oleq Danakari, Əhməd Məmmədov, Nizami İbrahimov, Səfər Səfərov, Sevda Sadıqova, Pərvanə Səmədova və Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qəbələ rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü Telman Abduxalıqov seçkilərə

"İlhamla İrəli" şüarı ilə gedərək, Cənab İlham Əliyevi dəstəkləyəcəklərini və Azərbaycanın işıqlı gələcəyinə səs verəcəklərini bildirdilər.

İNAM