Xətai seçiciləri İlhamlı sabaha inanırlar

6 Aprel 2018 20:22 (UTC+04:00)

YAP Xətai rayon təşkilatının Qarabağ müharibəsi veteranları, şəhid ailələri ilə görüşündə bu əminlik böyük inam və qətiyyətlə ifadə olundu. YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov Azərbaycanın iqtisadi, siyasi, hərbi, diplomatik sahədə qazandığı uğurlardan bəhs edərək bildirdi ki, bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti nəticəsində bu problemimiz də öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.

Münaqişənin həlli üçün möhkəm hüquqi bazanın mövcud olduğunu qeyd edən H.Mirələmov diqqəti iqtisadi imkanlarımızın artması fonunda ordumuzun gücünün, qüdrətinin möhkəmlənməsinə yönəltdi. Bildirdi ki, bu gün Azərbaycanın güclü, qüdrətli, dünya standartlarına cavab verən ordusu vardır. Ordunu müasir texnika ilə yanaşı, döyüşən və Vətənini sevən oğullarımız yaşadır. Bu gün gənclərimizin hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələri də dövlətin bu sahəyə diqqət və qayğısının yüksək səviyyədə olmasının göstəricisidir. Hərbi xidmətə hər çağırış gənclərin böyük vətənpərvərlik çoşquları ilə qarşılanır. Bu gün Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri şərəflə yerinə yetirməyə hazırdır. 2016-cı ilin Aprel döyüşləri bunu bir daha təsdiqlədi.

H.Mirələmov qeyd etdi ki, dövlətimizin cəbhə bölgəsində Azərbaycanın ərazilərini qoruyan, ölkəmizin təhlükəsizliyinin keşiyində dayanan ordusu ilə yanaşı, 700 mindən çox Azərbaycan vətəndaşını birləşdirən digər bir ordusu da var ki, bu, Yeni Azərbaycan Partiyasıdır. Yeni Azərbaycan Partiyası adlanan ordu təkcə ideoloji deyil, həm də döyüş cəbhəsində öz üzərinə düşən vətəndaşlıq mövqeyini ifadə etməyə və vətəndaşlıq vəzifələrini yerinə yetirməyə hazırdır. Qürur hissi ilə qeyd etmək istərdim ki, Yeni Azərbaycan Partiyasının sıralarında birləşən hər kəs bu hisslər və duyğularla yaşayır.

H.Mirələmov Dağlıq Qarabağ probleminin həllində vacib olan üç amilin - xalqın iradəsinin, dövlətin qətiyyətinin və beynəlxalq dəstəyin mövcudluğunu önə çəkərək, münaqişənin nizamlanması prosesinin uzaqda olmadığını inamla bildirdi. Azərbaycanın üçrəngli bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.

11 aprel prezident seçkilərinin ölkəmizin hər bir uğurunun davamlılığında, ən əsası yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Daglıq Qarabağ münaqişəsinin həllində mühüm əhəmiyyət kəsb edən hadisə olduğunu bir daha vurğulayan H.Mirələmov görüş iştirakçılarını səsvermə prosesində fəal iştirak etməyə, Azərbaycanın ərazi bütövlüyünün təminatına, torpaqlarımızın işğaldan azad olunmasına dəstək verməyə çağırdı. Bu gün qürur yaradan məqam Azərbaycan qızlarının oğullarımızla birgə bu işdə öz qətiyyətlərini, cəsarətlərini nümayiş etdirmələridir. Hər bir Azərbaycan vətəndaşı bir amal uğrunda mübarizə aparır - Torpaqlarımızı işğaldan azad etmək üçün yumruq kimi birləşmək. Bu qüvvə təkcə sayla ifadə olunan güc deyil. Bu, eyni zamanda iradənin, qətiyyətin, xalqa, millətə, torpağa sevginin gücüdür.

Görüşdə seçicilər adından çıxış edən Elmir Abbasov, Asif Novruzov, Güloğlan Əzimov, Anar Məmmədov, Aqil İsmayılov və başqaları bu əminliyi ifadə etdilər ki, döyüş qabiliyyəti, peşəkarlıq, vətənpərvərlik ruhu, maddi-texniki bazanın möhkəmlənməsi, orduya göstərilən diqqət və qayğı, bir sözlə, dövlətimizin uğurlu siyasəti işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına əsas verir. Bu gün hər bir Azərbaycan vətəndaşı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə torpaqlarımızı düşməndən azad etməyə hazırdır. Bu ali məqsəd naminə hər birimiz sabahın əsgəri, zabiti, döyüşçüsü olmaqdan qürur duyuruq. 11 aprel prezident seçkilərində fəal iştirak edəcək, “İlhamla irəli” deyib ölkə Prezidentinin ətrafında sıx birləşərək gələcəyə daha böyük inamla addımlayacağıq.