Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsi partiya tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirib.
YAP Mərkəzi Seçki Qərargahı Göyçay rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Sahib Şükürov çıxış edərək bildirib ki, bu qələbəni şərtləndirən başlıca amil Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 15 il ərzində həyata keçirilən siyasət və əldə edilən uğurlardır: «Bütün dünyanın iqtisadi böhrandan əziyyət çəkdiyi bir zamanda Azərbaycan öz inkişaf tempini qoruyub saxlayaraq, beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirməkdədir. Bu da təsadüfi deyil. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və dövlətimizin qüdrətlənməsinin təminatı olan davamlı inkişaf strategiyası bu gün cənab İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir. Həyata keçirilən siyasətin uğurlu nəticələrini biz göyçaylılar da öz həyatımızda hiss edirik. Xalqımız "İlhamla irəli" şüarı ilə cənab Prezidentimizə dəstək olacaq.»
Milli Məclisin deputatı Sabir Hacıyev bildirib ki, cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu və zəngin xarici siyasət sayəsində Azərbaycan öz milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün unikal əməkdaşlıq məkanına çevrilib. S.Hacıyev qeyd edib ki, cənab İlham Əliyev təməli möhkəm siyasi baxışlarla qurulmuş dövlət qadın siyasətinin uğurla həyata keçirilməsi üçün mühüm tədbirlər həyata keçirilməkdədir: «Mən əminəm ki, göyçaylı xanımlar da prezident seçkilərində cənab İlham Əliyevə səs verəcək. Çünki cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət bütövlükdə Azərbaycan Respublikasının və xalqımızın maraqlarına xidmət edir.»
Göyçay qadınları adından çıxış edən Zenfira Əliyeva, Leyla Məmmədova, Şəfəq Xəlilova və Kəmalə Səmədova seçiciləri 11 apreldə fəal olmağa və cənab İlham Əliyevə səs verməyə çağırıblar.