11 aprel 2018-ci ildə ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı Badamdar qəsəbəsində seçicilərlə görüş keçirib.
Görüşdə çıxış edən Milli Məclisin deputatı, YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon partiya təşkilatının sədri prof. Şəmsəddin Hacıyev seçicilərə YAP-ın vahid namizədi cənab İlham Əliyevin seçki platforması haqqında ətraflı məlumat verib, son 14 ildə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sistemli siyasi-iqtisadi islahatlar nəticəsində əldə olunan tarixi nailiyyətlər və möhtəşəm uğurlar haqqında danışıb. Bütün Azərbaycan cəmiyyəti kimi Səbail rayonu seçicilərinin də yekdil seçiminin ümumxalq məhəbbəti qazanmış cənab İlham Əliyev olduğunu qeyd edən millət vəkili bildirib ki, ölkə başçısının ötən dövr ərzindəki fəaliyyəti nəticəsində Azərbaycan nəinki bu bölgənin, coğrafiyanın, bütövlükdə dünyanın ən sayılıb-seçilən ölkələrindən birinə çevrildi, müstəqil dövlətçiliyimiz daha da möhkəmləndirildi, Azərbaycanın iqtisadi, hərbi qüdrəti yüksəldi. Bu gün Azərbaycan Cənubi Qafqazda müstəqil siyasət həyata keçirən yeganə dövlətdir. Bu düzgün və düşünülmüş siyasət müasir dövrün tələb və çağırışlarına uyğun olaraq modernləşdirilən və təkmilləşdirilən Ulu Öndər Heydər Əliyevin siyasi kursuna əsaslanır.
Dünyada gedən mürəkkəb, ziddiyyətli proseslər fonunda Azərbaycanın sabitlik “adası” olduğunu və dinamik inkişafını uğurla davam etdirdiyini vurğulayan Ş.Hacıyev diqqətə çatdırıb ki, ölkə başçımız tərəfindən gələcək üçün çox böyük planlar və Azərbaycan xalqının milli mənafelərinə bilavasitə xidmət edən strateji hədəflər müəyyənləşdirilmişdir. Yeni Azərbaycan Partiyasının, partiyamızın Lideri və vahid namizədinin ən ali məqsədi cəmiyyətimizdə mövcud olan ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələr sırasına yüksəldilməsinə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına, əhalinin rifahının əhəmiyyətli dərəcədə yüksəlməsinə nail olmaqdan ibarətdir. Odur ki, biz Prezidentimizi, Onun siyasətini dəstəkləməklə, həm dövlətimizin, həm ailəmizin hər bir üzvünün, hər bir azərbaycan vətəndaşının firavan həyatına, Azərbaycanın gələcək tərəqqisi və dinamik inkişafına səs verəcəyik.
Seçicilərlə görüşdə çıxış edən millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri prof. Hadi Rəcəbli, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru prof. Hikmət Babaoğlu, təbliğat qrupunun üzvləri Azərbaycan Dövlət İqtisad Universitetinin professoru prof. Əvəz Bayramov, YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev cənab İlham Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və xalqımızın rifahının yüksəldilməsi istiqamətindəki misilsiz xidmətlərindən, ölkə başçısının həyata keçirtdiyi sosial-iqtisadi strategiya nəticəsində Azərbaycanın dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasında olmasından danışaraq, qeyd ediblər ki, məhz bu möhtəşəm uğurların davam etməsi və Azərbaycanın qüdrətli ölkəyə çevrilməsi üçün xalqımız aprelin 11-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləyəcəkdir.
Səbail rayonun gənc partiya fəalları Məhərrəm Məhərrəmli və Bəyim Nəbiyeva hazırda Azərbaycanda yüksək intellektli, bacarıqlı, xalqına, müstəqil dövlətçiliyinə, milli-mənəvi dəyərlərimizə sadiq vətənpərvər gəncliyin formalaşdığını və gənc nəslin məhz bu ruhda böyüdüyünü qeyd edərək müasir Azərbaycan gəncliyinin üzərinə düşən yüksək məsuliyyət və başlıca vəzifələr haqqında danışdı. Bildirildi ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev Azərbaycanı dünyaya təqdim etdi və Azərbaycan bayrağını dünya dövlətləri arasında ucaltdı. Ulu Öndərin layiqli siyasi davamçısı cənab İlham Əliyev Azərbaycanımızı bütün dünyaya tanıtdı, müstəqil Azərbaycan Respublikasının siyasi-iqtisadi rolunu və çəkisini yüksəltdi və bu gün Azərbaycan bayrağını çox ucalarda dalğalandırır. Azərbaycan gənci bu gün yüksək səviyyədə təhsil almalı, yüksək ixtisaslı mütəxəssis kimi yetişməli və ona əmanət olunan şanlı Azərbaycan bayrağını daim ucalarda dalğalandırmalıdır. Əminik ki, Səbailin gəncləri hamı bir nəfər kimi 11 aprel günü seçki məntəqələrinə gələcək, özünün vətəndaşlıq mövqeyini və siyasi iradəsi nümayiş etdirəcək və qüdrətli Azərbaycanın inamlı sabahları üçün ümumxalq Liderimiz İlham Əliyevə səs verəcəklər.