Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsinin üzvləri partiyanın Prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Təklə, Çuxanlı və Ərəbşalbaş kəndlərində seçicilərlə görüşlər keçiriblər
Tədbirlərdə YAP Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Füzuli Gülaliyev 11 aprel prezident seçkiləri barədə məlumat verib, Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd cənab İlham Əliyevin son 15 ilə yaxın müddətdə gördüyü işlərdən, eyni zamanda, seçki proqramından ətraflı bəhs edib.
F. Gülaliyev vurğulayıb ki, həyata keçirilən iri enerji və nəqliyyat layihələrinin icrası və aparılan uğurlu iqtisadi proqramların nəticəsində ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilib, əhalinin maddi rifah halı daha da yaxşılaşıb. Eyni zamanda, yeni hədəflərdən danışan sədr qeyd edib ki, qarşıdakı 7 ildə Azərbaycanda dayanıqlı və innovativ iqtisadiyyatın qurulması tam təmin olunacaq, müasir infrastrukturun yaradılması üzrə tədbirlər davam etdiriləcək.
Görüşlərdə təbliğat-təşviqat qrupunun üzvləri Zümrüd Şərifova, Zaur Cəfərov, Tahir Səbzaliyev dövlətimizin əldə etdiyi uğurlarda və Azərbaycanın regionun lider dövlətinə və dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilməsində 2003-cü ildən bugünədək ölkəmizə rəhbərlik edən cənab İlham Əliyevin xidmətləri haqqında geniş məlumat veriblər.
Görüşlərdə kənd sakinlərindən Əlövsət Məmmədov, Hacı Mahmud Həsənov, Məzahir Nəsirov və başqaları çıxış edərək ölkəmizdə gedən sürətli inkişaf, həmçinin cənab İlham Əliyevin xalqımıza göstərdiyi yüksək diqqət və qayğı barədə danışıblar. Çıxış edənlər dövlətçiliyə hər zaman sədaqət nümayiş etdirən seçiciləri daxili və xarici siyasətdə əldə edilən möhtəşəm uğurların davam etməsi naminə aprelin 11-də Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd cənab İlham Əliyevə səs verməyə çağırıblar.